Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Belə qol adama pis təsir edir" - "Keşlə"nin qapıçısı

Tarix: 20 Oktyabr 2019 14:28

“Keşlə”nin qapıçısı Stanislav Namaşko evdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb

- Yaranmış fasilə komandanıza belə təsir etmişdi?

- Xeyr, elə deməzdim. Fikrimcə, vurduğumuz qoldan sonra müdafiəyə oturduq, ərazi üstünlüyünü rəqibə verdik. Buna baxmayaraq, dözürdük. İsti-isti şərh etmək bir qədər çətindir. Amma düşünmürəm ki, fasilədən sonra nələrsə dəyişdi.

- Bəs ikinci 45 dəqiqədə daha çox müdafiəyə oturmağınız necə, bu, baş məşqçinin tapşırığı idi, yoxsa hesab təzyiq göstərirdi?

- Məşqçimiz bu cür tapşırıq verməmişdı. Bu, dəqiqdir. Çünki oyun üslubumuz belə deyil ki, müdafiədən oynayaq, bu görüş də istisna təşkil etmirdi. Hələ ilk yarıda hesabı açdıqdan sonra daha çox müdafiəyə diqqət yetirməyə başlamışdıq. Düşünürəm ki, bu, şüuraltı səviyyədə baş verdi. Əlbəttə, bütün uşaqların yerinə danışa bilmərəm, amma zənnimcə, bu, psixoloji məqam idi.

- Nəticə ədalətlidir?

- Yaradılan qol epizodlarına görə nəticəni ədalətli adlandırmalıyam. Çünki “Sabah” topa daha çox nəzarət edirdi, qol şansları var idi. Bizim də şanslarımız oldu. Başlıca üzücü məqam - qolu matçın sonunda buraxmağımızdır. Ancaq qarşılaşmanı bütövlükdə götürdükdə, bərabərlik - ən ədalətli nəticədir. Bütün hallarda, son dəqiqədə buraxılan qol adama pis təsir edir.

- Azərbaycan futbolunda bu cür hallara çox nadir hallarda rast gəlmək olar. Bəs öz təcrübənizdə son dəqiqə qoluyla qaçırılan qələbə çoxmu olub?

- Dəqiq deyə bilmirəm, amma elə bir hal yadıma düşmür. O yadıma düşür ki, “Şerif”in qapısını qoruduğum vaxt biz son dəqiqə qolu ilə avrokubokda mərhələ adlamışıq. Ancaq əksi... Yox, yadıma düşmür.

- Buraxdığınız qol epizodunu da şərh etməyinizi istərdik. Zərbə anını görürdünüzmü və reaksiya verə bilərdinizmi?

- Desəm ki, şans yox idi, düz olmaz. Çünki qolkiper qapıdadırsa, qol vurularkən hər zərbə zamanı onun şansı olur ki, bunun qarşısını alsın. Epizodun təkrarına baxmaq, oyunun təhlilini aparmaq lazımdır. İndiki məqamda cavabı konkretləşdirə bilmərəm.

- Son dəqiqədə buraxılan qol növbəti turlarda psixoloji sarsıntıya səbəb ola bilər?

- Bütün komandanın əvəzinə danışa bilmərəm. Zənnimcə, belə bir hal yaşanmamalıdır. Biz sadəcə, bu oyundan düzgün nəticə çıxarmalıyıq. Bu cür qarşılaşmadan sonra özümüzə qarşı daha da tələbkar olmalıyıq ki, hesabda öndə olanda, oyunun gedişatından asılı olmayaraq, daha diqqətli oynayaq (sportnet).

 


Etiketlər:  Belə qol adama pis təsir edir Keşlənin qapıçısı


RƏYLƏR