Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 11:08
2023-cü ilin mart ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 15 faiz artaraq, 1 milyon 942 min 518 nəfər olub.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 1 milyon 506 min 447 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 436 min 71 nəfər təşkil edib.
Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 25 min 232 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 16 min 935 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 8 min 297 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 13 min 997 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz artaraq 10 min 784, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 3 min 213 olub.
2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.