Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir

Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir

Tarix: 27 Aprel 2023 19:10

Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100 illik yubileyidir. Onun elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır.

Akademik Zərifə Əliyeva elmi yaradıcılığında hər zaman ciddi problemlərə toxunmuş, göz xəstəliklərinin qarşısını almaq və onları ən effektiv yolla müalicə etmək üçün əlindən gələni etmişdi. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması böyük əhəmiyyət kəsb edir.

Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdi.

Bu barədə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın AZƏRTAC-a təqdim etdiyi "Fitri istedada malik novator alim" məqaləsində bəhs olunub.

M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın

Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Eyni zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.

Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olub. Apardığı elmi-tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.

Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və bundan sonra da yazılacaq. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli araşdırmalar həyata keçirib, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilib. Həmin istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası" monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapıb.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Həmin tədqiqatların nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Həmin əsərlər arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. xüsusi qeyd edilməlidir. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoyub.

Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Həmin monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilib. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb

Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr olunub. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirib və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırıb.

Zərifə xanım Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və həmin xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında bənzəri olmayan nadir tədqiqatlar sırasındadır. Böyük alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapıb.

Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Yüksək əqidə - həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırıb. Zərifə xanım Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunub. Alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edib, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. Alim həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərib və "həkim xəstənin ən doğma adamıdır" deyib. Zərifə xanım ƏIiyevanın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda onun bu sahəyə dair işlərinin daha genişmiqyaslılığı və təkcə səhiyyədə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.

O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi əhəmiyyət verib.

Məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirib, oftalmologiya elminə çox böyük töhfələr verib.

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Həmin adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə böyük sevgi ilə edirdi, məhəbbətinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu.

Oftalmologiya elminin tanınmış simalarının Zərifə xanım Əliyeva haqqında tarixi fikirləri

Dünya oftalmologiya elminin tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırıb. Professor V.V.Şmelyeva deyib: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım".

Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bir insanın bu gün aramızda olmaması çox təəssüf doğurur. Lakin görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdır. Biz onu sevir, onunla fəxr edirik.

Milli.Az


Etiketlər:  Zərifə Əliyevanın ömür yolu gələcək nəsillərin həyatına işıq saçır xalqa tükənməz bir xəzinə bəxş edir


RƏYLƏR