Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni terroru: kimlər, necə qətlə yetirilib… - Tarixçi

Erməni terroru: kimlər, necə qətlə yetirilib… - Tarixçi

Tarix: 28 Aprel 2023 11:28

Ermənistanın Müstəqillik haqqında Bəyannəməsinin XI bəndində "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda çıxış edir" deyə qeyd olunub.

Sonxeber.net xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Ermənistanda "Nemezis"ə heykəl ucaldılması haqda danışarkən deyib.

O bildirib ki, yunanların qisas ilahəsinin adından götürülən "Nemezis", Hjdeyə Ermənistanda heykəl qoyulması, dünyada tanınmış məşhur terrorçuların "milli qəhrəman" elan edilməsi təsadüf deyil:

"Çünki terrorizm ermənilərin mahiyyəti, "mübarizə üsuludur". Onlar niyyətlərini həyata keçirmək üçün terrorizmdən istifadə edir. Ermənilərin Türkiyə, Almaniya, Avstriya, ABŞ, İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə törətdikləri terror aktları onlara bu "hüququ" verir. Dünyanın müxtəlif ölkələrində terror aktlarını yerinə yetirən 27 ən güclü təşkilatın 12-si məhz ermənilərə məxsusdur. Bunlardan "Hnçaq", ASALA, MAQ, "Erməni birliyi", "Ermənistan azadlıq cəbhəsi", "Fidiani", "Dro", "Njde" daha təhlükəli beynəlxalq terror təşkilatlarıdır. Həmçinin, erməni terrorizmi - siyasi məqsədlərə çatmaq naminə aparılan dövlət separatizmidir.

Terroru fəaliyyət sahəsi kimi seçən ermənilərin ilk təşkilatlarından biri olan "Qara Xaç Cəmiyyəti" 1872-ci ildə Vanda qurulub. Bu cəmiyyətlərin məqsədi gənclərin silahlandırılması və silahlı üsyanların təşkil edilməsi idi. Məhz həmin prosesin məntiqi davamı kimi 1880-cı ildə "Ararat", "Şərq", "Mühübbi maarif", "Kilikiya" dərnəkləri "Miyasiyal Anikerutiun Hayotes" adlı cəmiyyətdə birləşdilər.

Ermənilərin inqilabçı partiya kimi Van mənşəli erməni Portağalyanın əsasını qoyduğu və 1885-ci ildə yaranan "Armenakan" partiyası ilk siyasi təşkilat olub. Belə ki, bu partiyanın məqsədi inqilab yolu ilə ermənilərin özünüidarəsinə nail olmaq idi. 1887-ci ildə isə Cenevrədə Avetis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən "Hnçak" ("Zəng") partiyası təşkil edildi. Partiyanın lideri Nazarbekyan (Lorents) K.V.Plexanovun təsiri altında idi. Ardınca 1890-cı ildə Qafqazda planlı şəkildə ermənilərin ən qanlı təşkilatlarından olan "Daşnaksütyun" və ya "Erməni inqilabı cəmiyyətləri federasiyası" yarandı. "Nemezis" adı ilə bilinən terror əməliyyatı da məhz Daşnaksütyunun məhsulu idi. Terrorun məqsədi qondarma erməni soyqırımını və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas almaq idi", - tarixçi qeyd edib.

Z.Əliyevin sözlərinə görə, qətlə yetirilən şəxslər arasında həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Osmanlı imperiyasının keçmiş rəhbərlərinin olub:

"Nemezis"in qurbanları siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadimi və ziyalısının adı salınmışdı. Onların içərisindən 41 nəfər isə "əsas günahkarlar" elan edilmişdi. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Qətlə yetirilənlər arasında ilk şəxs ADR-in keçmiş baş naziri Fətəli xan Xoyski oldu. 1920-1921-ci illərdə F.Xoyskidən başqa Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, İstanbulda isə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Həmin illərdə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal Paşa, keçmiş Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər qətlə yetirilir. 1922-ci ildə daşnakçılar Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Ordusunu göndərən və xalqımızı soyqırımdan xilas etmiş Ənvər Paşanı isə Əfqanıstan yaxınlığında qətlə yetirirlər. Terrorçuların siyahısında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabddin Tağıyev, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Nağı bəy Şeyxzamanlı və digər görkəmli şəxslər də vardı. Lakin ermənilər onları aradan götürə bilmədi".

Tarixçi vurğulayıb ki, ermənilər kilsəyə görə terroru yaşam səbəbi kimi seçiblər:

"Erməni kilsəsi öz xalqına - Allaha ibadət yolu, doğru-dürüstlük, ədalət, mənəviyyat, barışıq, əmin-amanlıq yolu göstərmək əvəzinə, din pərdəsi altında terror, üsyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq, insanları biri-birinə qırdırmaq ideologiyasını təbliğ edir. Lazım gəldikdə isə gizli toplantılar keçirmək, məxfi sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər.

Cəzasız qalan erməni terroru ötən əsrin 70-ci illərindən ASALA formasında meydana çıxır və nəticədə onlarla terrorçu təşkilat ASALA-ya baxaraq yaranır. Qətllərin sayı isə durmadan artır. Qan axdıqca terrorizm daha da geniş miqyas alır.

Bunun əsasında bir neçə nümunə göstərmək olar. Məsələn, Türkiyənin Fransadakı səfiri İsmayıl Erez və onun sürücüsü Talib Yenerin qətlə yetirilməsi. Bu teraktın məsuliyyətini ESƏD terror təşkilatı öz üzərinə götürsə də, sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirdi. Mütəxəssislərin fikrincə, bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak edib.

Yaxud üç erməni terrorçusu türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keçmiş səfir Bəşir Balsoğlu həlak olur. Milliyətcə ispan olan sürücüsü Antonio Torres isə aldığı yaralardan xəstəxanada keçinir. Başqa bir misal, Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Roşat Moralı, səfirlikdə din məsələləri üzrə cavabdeh şəxs olan Teselli Arı və Anadolu bankının Parisdəki nümayəndəsi İlkay Karakoşun küçədə avtomobilə əyləşərkən atəş tutulmalarıdır. Moralı və Karakoş qaçmağa cəhd edirlər. Bu məqsədlə Moralı yaxınlıqdakı kafeyə girir, lakin kafenin sahibi onu itələyib bayıra çıxarır və burada terrorçular onu güllələyir. Karakoş gizlənə bilir və sağ qalır. Teselli Arı isə səhəri gün xəstəxanada keçinir, terrorçular hadisə yerindən qaçmağa müvəffəq olurlar".

Dosent qeyd edib ki, bütün bunların nəticəsi olaraq bu gün Ermənistan terrorçuları öz "milli qəhrəmanlar"ı səviyyəsinə qaldırır. O, sözügedən "qəhrəmanlar"dan bir neçəsi haqda məlumat verib:

"Varujan Karapetyan. 1954-cü ildə Suriyanın Qamışlı şəhərində erməni ailəsində dünyaya gəlib. 1983-cü ilin 15 iyulunda Parisin Orli hava limanında yerləşən Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə Fransa polisi tərəfindən həbs olunmuş və bombanı yerləşdirdiyini boynuna almışdı. Bu terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş, 61 nəfər isə yaralanmışdı.

Monte Melkonyan. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk Hava Yolları şirkətinin kassaları qarşısında partlayış təşkil edir. Nəticədə 8 nəfər həlak olur, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alır. 1985-ci ildə o, Fransa polisi tərəfindən yenidən həbs olunur və terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilir. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılır. 1989-cu ildə o, azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilir. Ancaq orada çox qalmayıb, saxta sənədlərlə yenidən Avropaya gəlir və bir müddət orada yaşayır. Qaradağlı soyqırımının törədilməsində Monte Melkonyan, "Arabo" və "Aramo" terror qrupları ilə yanaşı Martirosyan Georgi Aşotoviç və onun oğulları Martirosyan Vladimir Georgiyeviç, Martirosyan Kamo Georgiyeviç, habelə 1980-1987-ci illərdə Xocavənd (keçmiş Martuni) rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş Nəsibyan Qriqori Yegiaşoviç, 1987-ci ildə Xocavənd rayonunda "Poçttamt"ın rəisi vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç, Xocavənd rayon daxili işlər şöbəsinin passport-masa rəisi vəzifəsində işləmiş Poqosyan Razmik Vaqanoviç, Xocavənd rayon Qağarza kəndindəki S.M.Miçurin adına kolxozun sədri vəzifəsində işləmiş Ayrapetyan Şaşa Muxanoviç, 1989-cu ildən Xocavənd rayonunun Şahmat Məktəbində məşqçi işləmiş Babayan Vartan Emiloviç birbaşa iştirakçı olublar.

Qaregin Njde (Ter-Harutyunyan). Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur. Onun bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur.

O, həmçinin, Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. 1921-ci ildən isə baş nazir olaraq sovet ordusuna qarşı hərbi əməliyyatlar aparır. Onun əmri ilə bir sıra kommunist və Qırmızı ordunun mənsubları həbs olunur və güllələnir. Həmçinin, yüzlərlə kommunist, Qırmızı ordu mənsubu, inqilabi əhval-ruhiyyəli fəhlə və kəndli Tatev qayalığından aşağı atılaraq öldürülür. Njde almanların Berlində yaratdığı "Erməni Milli Şurası"nın üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə də məşğul olub. Onun qurduğu "Tsegagron" təşkilatının vasitəsilə gənc ermənilər faşist SS təşkilatına və digər elit alman hərbi qüvvələrinə daxil olurdu. Almaniyada və Fransada yaşayan bir çox erməni 58-ci Panzer ittifaqlarına və Vermaxtın 10-cu ordusuna girmişdi. Erməni İnqilab Federasiyasının liderləri alman kəşfiyyatı ilə çox sıx münasibətdə idi. Bu məlumatlara və bir sıra digər sənədlərə əsasən, 2 noyabr 1944-cü ildə Q.Njde həbs edilərək istintaqa cəlb olunur. Məhkəmə zamanı antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. 21 dekabr 1955-ci ildə isə Vladimir şəhərində həbsxanada ölür.

Hamazasp Srvandzyan. O, 1870-ci ildə Osmanlı imperiyasının Van bölgəsində anadan olub. Gənclik illərində "Armenakan" təşkilatına qoşulsa da, sonradan Daşnaksütun Partiyasının sıralarına keçir. Rusiya imperiyası dönəmində Yelizavetpol quberniyası daxilində yaşayan müsəlman əhaliyə qarşı qətliamlar törədən Hamazasp 1905-ci il qətliamlarında da iştirak edir. Eyni zamanda Quba bölgəsində 1918-ci ildə yerli əhaliyə qarşı törətdiyi qətliamlarla da məşhurlaşıb. Rəhbərlik etdiyi dəstə ilə şəhərə hücum edən Hamazasp yerli əhalinin müqaviməti ilə qarşılaşsa da, 3 mindən çox dinc əhalini qətlə yetirir, 105 evi dağıdır.

"Mən erməni xalqının qəhrəmanıyam, siz və türklər tərəfindən öldürülən ermənilərin intiqamını almağa gəlmişəm. Xəzər dənizindən Şah dağlarına qədər olan ərazilərdə yaşayan bütün müsəlmanların kökünün kəsmək üçün buraya gəlmişəm" - deyən erməni terrorunun öndə gedən isimlərindən biri olan Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət dəstə Qubada əhaliyə divan tutur. Onun dəstəsi tərəfindən 4 milyon rubl nağd pul, 4,5 milyon rublluq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon rublluq müxtəlif mallar - xalça, ev əşyaları və s. qarət edilir. Qubaya gələn Hamazasp hirsli halda və eyni zamanda, yerli əhalinin müqavimətindən ehtiyat edərək "Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən artıq türk kəndini xaraba qoymuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Bura da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam" deyir. Beləliklə o, 5 ay ərzində Quba qəzasında 16 min insanı qətlə yetirir.

Şahan Natali. O, daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş və ermənilər tərəfindən uydurma erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədi ilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Bu zaman o, əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhbərlik edirdi. Bundan əlavə, Natali erməni silahlı dəstələrinin və terror vasitəsilə Türkiyə hökumətini şantaj etməyi məqsədəuyğun hesab edirdi və erməniləri buna səsləyirdi.

Soqomon Teyliryan. Birinci Dünya müharibəsi başlayanda S.Teyliryan türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə ("Nemezis" əməliyyatı çərçivəsində) 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi"lə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib. Sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədr-əzəm Tələt Paşanı öldürüb.

Armen Qaro ya da Karekin Pastırmacıyan. 1920-ci ildə Ermənistan Respublikasının ABŞ-da səfiri təyin olunur. Daşnakların həyata keçirdiyi "Nemezis" əməliyyatına rəhbərlik edib.

Yüzlərlə belə ad çəkmək mümkündür. Bu onu göstərir ki, Ermənistan terrorçuları belə adlarını yaşatmaqla terrorizmə şərait yaradır. Son günlər ASALA-nın qrupları yenidən baş qaldıraraq Türkiyəyə və Azərbaycana "meydan oxumağa" başlayıblar. Bu kimi faktlar bir daha onu deməyə əsas verir ki, XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalıdır. Yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir. Beynəlxalq birlik nəhayət anlamalıdır ki, terrorizmə son qoymaq üçün separatizm mənbələri mütləq ləğv edilməlidir. Bu, dünyada ümumi təhlükəsizlik sisteminin gücləndirilməsi üçün zəruridir".


Etiketlər:  Erməni terroru kimlər necə qətlə yetirilib Tarixçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ