Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peyvənddən əvvəl və sonra uşağın qida rasionuna yeni məhsul əlavə edilməməlidir

Peyvənddən əvvəl və sonra uşağın qida rasionuna yeni məhsul əlavə edilməməlidir

Tarix: 29 Aprel 2023 20:33

Hazırkı dövrdə elmə təqribən 1500-dən çox yoluxucu xəstəlik məlumdur. Peyvəndlər vasitəsilə bunlardan sadəcə 30 ən təhlükəlisinin qarşısının alınması mümkün olub. Hər il dünyada yeni yoluxucu xəstəliklər meydana gəlir, köhnələri geri qayıdır və onların yenidən alovlanması baş verir. Buna koronavirus yoluxucu xəstəliyini misal göstərmək olar. Həmin pandemiyanın təsirləri bütün bəşəriyyətə, həmçinin bizim cəmiyyətimizə məlumdur.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayımda izləyicilərin suallarını cavablandıran Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim-epidemioloqu Əlcəfər Cəfərov deyib.

O bildirib ki, vaksinlər orqanizmin bioloji müdafiə mexanizmini stimullaşdıraraq həmin virusa və antigenə qarşı tanınma, anticisim yaratmaq qabiliyyətinə malik olan bioloji preparatlardır: "Bunun vasitəsilə siz və övladlarınız gələcəkdə hər hansı virusla qarşılaşdıqda bu xəstəliyə yoluxmayacaqsınız və ya yüngül simptomlarla keçirəcəksiniz. Peyvənddən əvvəl və sonra hazırlıq mərhələsi nəzərə alınmalıdır. Bu prosesin aparılmasında valideynlər sahə həkimləri ilə daim əlaqədə olmalıdırlar. Peyvənddən əvvəl və sonra uşağın qida rasionuna yeni qida məhsulları əlavə edilməməlidir. Peyvənd olunduqdan sonra vaksinasiya edilən məntəqə dərhal tərk edilməməlidir. Təhlükəsizlik qaydasına uyğun olaraq 20-30 dəqiqə ərzində peyvənd məntəqəsində gözləmək tövsiyə edilir. Həmin müddət bitdikdən sonra həkimin və ya tibb bacısının məsləhəti ilə məntəqəni tərk etmək olar. Peyvəndlərdən sonra uşaqlarınızı artıq dərəcədə istidə saxlamaq və ya ifrat dərəcədə soyuqda saxlamağa ehtiyac yoxdur. Valideynlər peyvənddən sonrakı bir necə gün ərzində uşaqlarına diqqət etməlidirlər. Onların hərəkətinə, həmçinin temperaturunu nəzarətdə saxlamalıdırlar. Əgər bir narahatçılıq, temperaturun kəskin şəkildə yüksəlməsi baş verərsə dərhal sahə həkimi ilə əlaqə saxlanılmalı və lazımi tədbirlər aparılmalıdır", - deyə Əlcəfər Cəfərov qeyd edib.

Milli.Az


Etiketlər:  Peyvənddən əvvəl sonra uşağın qida rasionuna yeni məhsul əlavə edilməməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ