Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Toyda qarışıqlıq düşdü, Alim Qasımovun bu ifasından sonra hər kəs sakitləşdi...”

“Toyda qarışıqlıq düşdü, Alim Qasımovun bu ifasından sonra hər kəs sakitləşdi...”

Tarix: 10 May 2023 09:18

"Muğam sənətinə gələn gənclərin sayı-hesabı yoxdur. Biri var onu öyrənib oxuyasan, biri də var ki, mənimsəyib oxuyasan. Şükür Allaha, gənclər həm öyrəniblər, həm də muğamı mənimsəyiblər. Bizim ustad sənətkarımız Ədalət Vəzirov gözəl kaman ustası idi. Mən onlarla birlikdə el şənliklərinə, tədbirlərə, efirlərə gedirdim. Ədalət müəllim mənə deyirdi ki, "sən hesab etmə ki, gəncsən, sən elə bizim nəsil sayılırsan". Bu sənətə kim yiyələnirsə, ona mən gənc deyə bilmərəm. Muğam sənəti müdrikliyi, ağsaqqallığı sevən bir sənətdir. Gənc yaşımdan bu sənətə yiyələnmişəm. Ustad xanəndə Hacıbaba Hüseynov bir gün mənə dedi ki, "sən hesab etmə ki, birinci kurs tələbəsisən, mənimlə toya gedirsənsə, sən də bir xanəndəsən".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Zabit Nəbizadə deyib.

"Gənc yaşlarımda yuxudan da məni oyatsaydılar oxuyurdum. Hər nə desəydilər oxuyurdum. Amma indi hardasa eşq olmasa oxuya bilmirəm. Allaha bağlılıq da, musiqiyə bağlılıq da bir eşqdir. Gərək ruh olsun. Bu da yaşla bağlı olan bir şeydir. Xanəndəyə hər şey lazımdır, amma ruh olanda o ruhla elə oxuyursan ki, hamı zövq alır. Gərək birinci özün öz oxumağından zövq alasan ki, kiməsə zövq də verə biləsən" deyə sənətkar bildirib.

Zabit Nəbizadə xalq artisti Alim Qasımovla ilk görüşünü də xatırlayıb.

"Alim Qasımov dahi sənətkardır. Onu ilk dəfə öz kəndimizdə el şənliyində görmüşdüm. O vaxtlar mənim hərbi xidmətə çağırış vaxtım idi. Kənddə elə bir dəb var idi. Bəyin yanında sağdış-soldış olurdu. Kənd toylarında oynamaq, mahnı üstündə dava düşürdü. Burada da bir qarışıqlıq əmələ gəldi. Toy yiyəsi Alim müəllimə dedi ki, "mənim üçün bir Qarabağ şikəstəsi oxu". O ifadan sonra elə bil ki, oda su səpildi, hamı sakitləşdi. O ifanı eşidəndən sonra qərar verdim ki, xanəndə olacağam. Bu hadisə 1983-cü ildə olub" deyə sənətkar bildirib.

Xanəndə illər əvvəl dəstək olduğu aşıq Əlidən də danışıb.

"Aşıq Əli sənətə ilk addım atanda ona dəstək olmuşam. Allah rəhmət etsin, onun atası Tapdıq kişi ilə mən dost idim. Bir gün mənə dedi ki, "gör qardaşının balasından bir şey əmələ gələr?". Dedim ki, "Tapdıq əmioğlu, Əlidən yaxşı aşıq çıxar". Dedi ki, "hə, elə aşıq yanına gedir". Əli, rəhmətlik aşıq Xanmusanın yanına gedirdi. 1 il yanıma gəlib-getdi. Bəzi muğamları öyrəndi. Konservatoriyaya daxil olsaydı, daha yaxşı olardı. Maşallah, sazı da gözəl ifa edir, muğamları da yaxşı bilir" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Toyda qarışıqlıq düşdü Alim Qasımovun bu ifasından sonra hər kəs sakitləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ