Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 18:40
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
AQTA və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə verilən birgə məlumata görə, bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi barədə daxil olmuş məlumatlar əsasında İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbara baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kq toz halında ağardıcı kimyəvi maddə aşkar olunmuşdur. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.
Həyata keçirilən monitorinqlər zamanı müəyyən edilmişdir ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. Qeyd olunan maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssiələrində ağardıcı kimi istifadə olunduğu müəyyən edilmişdir.
Əldə olunmuş məlumatlar əsasında dərhal AQTA-nın Bakı və Sumqayıt regional bölmələrinin əməkdaşları tərəfindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə müvafiq məhkəmə qərarları əsasında müxtəlif ünvanlarda baxışlar keçirilmişdir.
Baxış zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 7, Badamdar küçəsi 21 saylı ünvanlarda yerləşən fiziki şəxs Nadirov Teyyub Yaqub oğluna məxsus qənd istehsalı müəssisəsində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 11 saylı ünvanda yerləşən fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızına məxsus qənd istehsalı müəssisəsində, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimal hissəsində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-yə məxsus qənd istehsalı müəssisəsində və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən fiziki şəxs Əlizadə Maqsud Əli oğluna məxsus qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
Eyni zamanda, həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilmişdir. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkar edilmiş və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur.
Yuxarıda qeyd olunanlarla bağlı Agentliyin müvafiq qərarı ilə fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu tərəfindən istehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş 18 ton 299 kq “Qədim dad” və “Bizim aşçı”, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızı tərəfindən istehsal olunmuş 17 ton 116 kq “Qidam” əmtəə nişanlı, “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal olunmuş 2 ton 215 kq “Kristal” və “Əmin” əmtəə nişanlı və fiziki şəxs Əlizadə Maqsud Əli oğlu tərəfindən istehsal edilmiş 3 ton 247 kq “İran”, “Sevimli” və “Mədinə” əmtəə nişanlı qənd partiyalarının satış üçün dövriyəyə çıxarılmasının qarşısı alınmışdır.
Qeyd olunan qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanmışdır.
Bundan başqa, Agentliyin əməkdaşları tərəfindən digər qənd istehsalı müəssisələrində də yoxlamalar aparılmaqla inzibati və məhdudlaşdırıcı tədbirlər görülmüş, bu sahədə bir sıra sağlamlaşdırıcı işlər həyata keçirilərək müəssisələrin fəaliyyətləri ciddi nəzarətə götürülmüşdür.
AQTA və Baş Prokurorluq bir daha bəyan edir ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər görüləcəkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin