Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 23:32
Tanınmış türkiyəli müstəqil jurnalist, seçkilərdə CHP-nin və "Altılı masa"nın qatı tərəfdarı kimi çıxış edən Səbahəddin Önkibarın sosial şəbəkə hesabından çıxışı Türkiyədə şok effekti yaradıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Onkibar seçki öncəsi və seçki günü baş verənləri bu cür xarakterizə edib:
"Böyük bir təəssüf hissi ilə qarşınızdayam. Ortaya çıxan seçki nəticəsinin açıqlaması yoxdur. Doğrudur, seçki hələ bitməyib, bunun ikinci ikinci turu da var. Amma birinci turda aşkar məğlubiyyət ortadadır. Gördüyünüz kimi seçki qışqır-bağırla qazanılmır. Səhvləri, əskikləri deyib, ikinci tura hazırlanmaq lazımdır.
"Anadolu" agentliyi seçki günü axşam yenə psixoloji əməliyyat apardı. Rəcəb Tayyip Ərdoğanı 60 faiz öndə göstərən məlumat axını ilə qavrayışlara nəzarəti ələ aldı. Tüncay Özkanın yönətdiyi CHP-nin ANKA agentliyi isə buna qarşılıq verə bilmədi.
Ərdoğan seçkini gözlədiyi kimi 1-2 faizlə geridə deyil, öndə bitirdi. Demək olar ki, bütün sorğu şirkətləri Kamal Kılıçdaroğlunu 4-5 xal öndə göstərsə də, nəticə tamamilə tərsinə oldu. Əlavə olaraq qeyd edim ki, Ərdoğanın hədəfi ilk turda parlament seçkilərini qazanıb, prezident seçkilərini ikinci tura saxlamaq idi. Amma Ərdoğan ilk turda parlament seçkilərini, həm də demək olar ki, prezident seçkilərini qazandı. İqtisadi böhranın ölkəni yerə sərdiyi, inflyasiyanın toplumu sarsıtdığı, soğanın bir kilosunun 30 lirəyə çatdığı, anaların uşaqlarını məktəbə ac göndərdiyi, on milyonlarla insanın ən aşağı maaş aldığı bir ölkədə xəstə və 21 illik yorğunluğuna rəğmən Ərdoğan bu nəticəni əldə edirsə, bunun necə bitəcəyi ortadadır.
İkinci turda nə olacaq? Dürüst olaq, Kılıçdaroğlunun nəticə əldə etməsi asan olmayacaq. Birinci turda Ərdoğana səs verənlər ikinci turda seçimlərini dəyişdirməyəcəklərinə görə nəticəni Sinan Oğana səs verən kütlə müəyyən edəcək. Kılıçdaroğlunun seçilməsi üçün 5.3 faiz səs alan Sinan Oğanın səsinin əksərini (5,3-ün 4-nü) alması lazımdır. Sual bu səsləri alıb-almamasıdır. Kılıçdaroğlu əlbəttə dəstəyini almaq üçün Oğanla görüşəcək. Ona vitse-prezident və ya nazirlik təklif edəcək. Ancaq eyni şeyi Ərdoğan da edəcək. Bu vəziyyətdə Sinan Oğan kimi seçəcək, bilmirəm. Onun seçkini qazanacağı yaxın görünən Ərdoğanı seçəcəyini deyənlər var. Amma hamımız bilirik ki, Sinan Oğanın istəyi türk miliyyətçilərinin lideri, öndəri, sədri olmaqdır. Bu kimi təklifləri dəyərləndirərkən hadisəyə bu pəncərədən baxacaq. Onu lider edəcək imkanı harda tapsa, orada da mövqeyini tutacaq.
Bir başqa məsələ isə odur ki, Sinan Oğan ona səs verənlərdən ümumi bir etibarnamə almayıb, onların adına səs verə bilməz. Yəni Sinan Oğana səs verən kütlə yenidən seçkiyə gedib, səs verəcək. Bu etibarla o milyonların Sinan Oğan tərəfindən nəzarət edilməsi mümkün deyil. Yəni seçimin nəticəsi tam olaraq Sinanın əlində deyil. Ərdoğanın ikinci turda böyük üstünlüyü TBMM-də üstünlük qazanması, üstəgəl 4 xalla üstün olmasıdır. Buna dövlət media üstünlüklərini də əlavə etsək, Ərdoğanın şansı daha da artır. Şənbə axşamı gördük, 29 kanal eyni anda Ərdoğanı yayımladı. İkinci turda bu say daha da artacaq. İkinci turda əlavə olaraq istiqrar və təhlükəsizlik başlıqları önə çıxacaq. "Macəra axtarmayın" deyib, PKK üzəridən vurmağa davam edəcək. Məlumdur ki, insanlar güclüyə və qalib gəlmək ehtimalı yüksək olana axın edir. İstanbul seçkilərində olan isə narazılıqlara etiraz idi. Əkrəm İmamoğlunun qalib gəldiyi seçki rəsmən qəsb edilmişdi və insanlar buna münasibət bildirmişdi. Əslində AKP-nin səsləri 35 faizə qədər gerilədi. Yəni bu nöqtədə iqtidar uğursuz idi.
Problem müxalifətdir. Sözü uzatmayacam, Ərdoğan seçkidə qalib gəlmədi, müxalifət uduzdu. Sual verirəm sizə, belə bir yıxılmış Türkiyə nəticələrində CHP səsi 25, İYİ Partiyasının səsi 9.78 faiz olmalı idi? Videolarım ortadadır. Aylardır eyni şeylərlə fərqli nəticə əldə etməyin mümkünsüzlüyünü qışqırdım. Belə ikən Kamal Kılıçdaroğlu 10-cu seçki kampaniyasında 9 seçki kampaniyasında dediklərini dedi. Aylardır "islamçılardan ələvi Kılıçdaroğluna səs gəlməz" dedim. Gəldi?
Millətin faciəsi ortada ikən, "Əli Babacanla Əhməd Davudoğlu boş xəyal və macəradır" dedik, haqsız idik? Bunu 1 dəfə deyil, 5 dəfə deyil, onlarca dəfə dedim. Eyni şəkildə "Türkiyədə yüksələn islamçılıq deyil, milliyyətçilikdir" dedim. "Kılıçdaroğlu o kütləyə xitab etsin" demədimmi? MHP, İYİ Partiyası, Zəfər Partiyası, Sinan Oğan, hətta Böyük Birlik Partiyasının aldığı səs ortadadır. Hamısının səsi CHP-dən üstündür. Aylarca "PKK üzərindən vuracaqlar" dedik, "önləm alın" dedik, əksinə, "PKK səsimiz Kılıçdaroğluya" deyərək, Ərdoğana qarşı açıq şəkildə kömək etmədilərmi? Yenə aylar əvvəl "8 faizlik HDP üzərindən seçki strategiyası qurmayın" demədikmi? 2018-də eyni HDP ilə məğlub olmuşdunuz deyə, xatırlatma etmədik? Baxın, zarafat deyil, seçkidən sonra CHP-nin məclis qurumu islamçılardan ibarətdir ki, aralarında Əminə Ərdoğanın köməkçisi belə var. DEVA, Gələcək, Səadət Partiyası kimilərə 40-a yaxın yer verilərkən milliyətçilərdən səs alacaq bir ad belə millət vəkili namizədi edilmədi. Möhsün Yazıçıoğlunun oğlu ilə Sinan Atəşin yoldaşı, ya da bacısı millət vəkili namizədi edilə bilərdi. Bunu neçə dəfə təklif etdik. İnsanlar namizədlərə görə səs verir ki, bunu da Mustafa Sarıgül CHP-nin millət vəkili çıxarmasına imkansız olan Ərzincandan seçilməklə təsdiqlədi.
Dəyərli izləyicilərim, bərbad nəticələrdə daha bu kimi onlarca səbəb var. CHP reklamçıları bahar romantikliyi ilə nəticə əldə etməyə çalışdılar. Düşünün ki, zəlzələ bölgələrində AKP tarixinin ən yüksək səsini aldı. Kılıçdaroğlu zəlzələ evlərini pulsuz təmir edilməsini belə təqdim edə bilmədi.
Şübhəsiz, bu nəticələrin ən böyük günahkarlarından biri də Maral Akşənərdir. Masadan qalxıb, həm özünü, həm də Kılıçdaroğlunun etibarını heç elədi. "Kamal bəy seçilə bilməz" deyərək rəsmən sabotaj etdi. Akşənərin bu səhvi İYİ Partiyasının 5 xal itirməsinə səbəb olarkən, MHP-yə 4 xal qazandırdı. Seçimdə böyük sürpriz edən MHP-nin qazandığı səsdə Maral Akşənərin payı böyükdür. Göstərdiyi şəxsiyyətsiz, güvənilməz görkəmi ilə ölü MHP-ni yenidən diriltdi. Təqdim etdiyi namizədlərlə öz partiyasını yerə sərdi.
Xülasə, indi başa düşdüz bu müxalifətə nə üçün müxalifətlik etdiyimizi? Aylardır deyirəm ki, mən müxalifətə müxalifət etmirəm. Doğru bir müxalifət axtarıram, deyin, haqsızam? Bunu da əlavə edim ki, Əkrəm İmamoğlu ilə Mansur Yavaş seçki kampaniyaları aparmasaydılar, Ərdoğan əmin olun ki, ilk turdan açıq fərqlə seçilərdi. Bu, təsdiq edildi. Kamal bəy Türkiyənin ən namuslu, şərəfli və bilikli siyasətçisidir. Ancaq Türkiyənin sosial siyasi sistemləri ortadadır. Və onlar Kamal bəyin seçilməsinə mane olacaq demişdim. Aylar əvvəl dəfələrlə Kılıçdaroğluna PKK-nın adamı deyə hücum edəcəklər və seçilə bilməyəcək demişdim. "Ölkənin üstünə qumar oynamayın" deyə yalvarmışdım. CHP-də bir qrup və mediadakı fraksiyalar bunun üzərində qiyamətlər qoparmışdı. Xalq TV-dəki Cəfər Mahiroğlu kimilərlə yoldaşlıq edəcəksənsə, yolda gedəcəksənsə, olacaqlar bu idi.
Sadəcə onlar deyil, FETÖ hadisəsi bir başqa biabırçılıq idi. FETÖ-çü itlər Kılıçdaroğlunu açıq-aşkar dəstələklədikdə, dedim ki, heyf. Elə FETÖ qatil və casus təşkilatıdır. Cəmiyyətin baxışı budur. Kamal bəyə açıq-aşkar dəstək verən mən belə FETÖ-nün dövlətə qayıtma ehtimalı ilə dəliyə döndüm.
Seçimlə əlaqəli bir başqa qətiyyət İstanbul, Ankara, İzmir və Adanadakı nəticələrin daha çox iqtisadi böhranın göstəricisi oldu. Müxalifət ərazidə varlıq göstərə bilmədi. Müxalifət həm PKK ittihamının altında qaldı, həm də güvən, ümid qazana bilmədi. Əslində seçkini qazanmaq çox asan idi. Heç şişirtmirəm. Müxalifət qazanılmış seçkini Ərdoğana qızıl sinidə hədiyyə etdi.
Əkrəm İmamoğlu, ya da Mənsur Yavaşı namizəd göstərərdisə, 55-60 faiz arası fərqlə Ərdoğan göndərilmişdi. Baxın, bu vəziyyət sirr deyildi. Aylar əvvəldən ortada idi, sorğulara əks etdirilmişdi. Belə vəziyyətdə Kılıçdaroğlu təəssüf ki, ölkə üzərində qumar oynadı. Yoxlanılmış Ankara və İstanbul modeli varkən, öz şəxsi istəyinə görə, Türkiyəni fəda etdi. İstanbul və Ankaranı necə qazandınsa, eynisini et deyə mən daxil onlarca insan yalvardı. Bəli, hər şey hələ bitməyib. Lakin bunları demək məcburiyyətindəyəm. Edilənlər ölkəyə xəyanətdir. Mütləq qazanmaq varkən macəra axtarmağın başqa izahı ola bilməz. Təəssüf və əsəblə bunları deyirəm. Amma görəcəksiniz, Ərdoğan ikinci turda seçilirsə, CHP-dən seçilən islamçı 30 millət vəkilinin bir hissəsi AKP-yə, digərləri isə Fateh Ərbakanın partiyasına qatılacaq. CHP bu müddətdə alt-üst olacaq. İYİ-dən də AKP-yə qatılanlar olacaq. Maral Akşənər sədrlikdə qalmaq üçün hər şeyi yoxlayacaq. Lakin əsla partiyanın başında qala bilməz. Çünki İYİ onun pensiyaya çıxanda açdığı yun mağazası deyil. Dediyim kimi, bu faciədə ən böyük günahkar odur. Masadan qalxması xəta idi. Sabahı gün təkrar oturması daha böyük bir xəta idi. Bir həftə də gözləsə idi, Kılıçdaroğlu vaz keçib, Mənsur Yavaşa, ya da Əkrəm İmamoğluna razı olacaqdı. Əlavə olaraq Kılıçdaroğlunu istəmirsənsə, bir il susub son anda masadan qalxmaq sabotaj etmək deyil?
"Seçimin qalibi kimdir" deyirsinizsə, Sinan Oğan, Zəfər Partiyasi, Yenidən Rifah Partisi və bu faciəvi mənzərəyə rəğmən müxalifətin qarşısına keçən Ərdoğanla, Akşənərin sayəsində səslərini ikiqat qaldıran MHP, yəni Baxçalıdır".