Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq tənha, ailə qurmadan yaşamaq meyilləri güclənir - Komitə sədri

Artıq tənha, ailə qurmadan yaşamaq meyilləri güclənir - Komitə sədri

Tarix: 23 Oktyabr 2019 12:52

Bakı. İlhamə İsabalayeva - Trend:

Orta əsrlərdə dinin bütün sahələrə təsir göstərdiyini görə bilərik, amma bu gün dünyada din bu dərəcədə nüfuza malik deyil, yəni dövlətlərin idarəçiliyinə, cəmiyyətdaxili münasibətlərə o qədər ciddi təsir etmir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hazırda din-cəmiyyət münasibətinə, fərdlərin dinə münasibətinə nəzər saldıqda ilk növbədə 21-ci əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır: "Bu əsrin çağırışları və təhdidləri əvvəlki əsrdən fərqlənir. 21-ci əsrdə informasiya texnologiyalarının inkişafı müəyyən təhdidlər də ortaya qoyur. İndi planetdə insanların sayı 7,8 milyard nəfərə çatır. Dünyada baş verən artım müəyyən problemləri ortaya çıxarır. Bu amil təbii resurslarda, su, qida ehtiyatlarında çatışmazlıqlar yaradır. Buna görə də hazırda 2 milyarda yaxın insan gündəlik qida rasionuna olan tələbatını ödəyə bilmir, yəni yarıac vəziyyətdədir. Bütün bunlar insanların kütləvi şəkildə miqrasiyasına səbəb olur ki, bu da dünya üçün müəyyən təhdidlər yaradır".

M.Qurbanlı əlavə edib ki, ailə münasibətlərində də ciddi dəyişikliklər baş verib: "Artıq tənha, ailə qurmadan yaşamaq meylləri güclənir. Bu da müəyyən problemlər yaradır. Hazırkı dünyada bütün bu problemlər insanların inanclarına öz təsirini göstərir. Xristian cəmiyyətlərinə aid olan ölkələrdə insanların dinə münasibətində dəyişikliklər baş verib. Əgər 100 il əvvəl insanların kilsələrə kütləvi getməsi müşahidə edilirdisə, indi bu, özünü göstərmir".

Komitə sədrinin sözlərinə görə, Azərbaycan Konstitusiyasında dövlətin dinə münasibəti aydın şəkildə özünü göstərir: "Azərbaycan Konstitusiyasında vicdan azadlığı təmin edilib. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsasdır ki, dünyəviliyin özü də dövlətin idarəetməsinə təsir göstərir. Azərbaycan Konstitusiyasında dinlər arasında fərq qoyulmur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Artıq tənha ailə qurmadan yaşamaq meyilləri güclənir Komitə sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ