Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçında İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub - FOTO

Laçında İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub - FOTO

Tarix: 28 May 2023 17:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.

Azərbaycanın otuz illik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına kompleksdə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.

Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir.

Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir.

Muzeyin interyeri hər tərəfdən rahat giriş imkanı yaratmaq və ətrafdakı parkla inteqrasiyanı təmin etmək üçün xüsusi formada dizayn olunub. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək.

Beş mərtəbədən ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet satış mərkəzinin yerləşdiyi geniş foyenin və inzibati otaqların yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə İşğal Muzeyi, üçüncü mərtəbədə kafe, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu - beşinci mərtəbədə istirahət zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək.

İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək.

Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.

Dövlətimizin başçısı Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoydu.

Qeyd edək ki, muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.


Etiketlər:  Laçında İşğal Zəfər Muzeyi Kompleksinin təməli qoyulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ