Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qərb kasetli sursat məsələsində də ikiüzlülük edir”

“Qərb kasetli sursat məsələsində də ikiüzlülük edir”

Tarix: 8 Iyul 2023 14:45

"Qərbin ikili standartlarına dair nümunələri saymaqla bitirmək olmaz. Qərb kasetli sursat məsələsində də ikiüzlülük edir".

Bunu report-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ə.Verdiyev xatırladıb ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı kasetli bombalardan istifadə etmişdi:

"Qərb isə Ermənistana ciddi reaksiya göstərməmişdi. Hazırda onların Ukraynaya bu cür sursatlar verəcəyini təsdiqləyib. 44 günlük müharibə zamanı Qərb dairələri Azərbaycanın kasetli sursatlardan istifadə etdiyini iddia edirdi. Baxmayaraq ki, kasetli bombanı Ermənistan bizə qarşı istifadə edirdi. Bunlar Qərb dövlətlərinin ikiüzlülüyünün ən bariz nümunəsidir".

Onun sözlərinə görə, bir neçə ölkə belə silahların istifadə və istehsalını rəsmi şəkildə qadağan edib:

"ABŞ Ukraynaya kifayət qədər dəstək verir. Amma görünür, əldə olunan nəticələr Vaşinqtonu qane etmir. Ona görə də kasetli sursatların tədarükünə qərar verib. Nəzərə almaq lazımdır ki, Ukraynanın cəmi iki aydan bir qədər çox vaxtı var. Payızda yağışlar başlayacaq və əks-hücum əməliyyatları üçün əlverişli şərait əldən çıxacaq. Ukraynanın kasetli sursatlardan istifadəsinə dair hələ ki, məlumat yoxdur. Amma fikrimcə, silahlar verilsə, Ukrayna onların istifadəsindən çəkinməyəcək. Ukrayna bu silahlardan xüsusilə Rusiyanın aviabazalarının uçuş-enmə zolağında, elektrik təchizatı olan yerlərdə. düşmənin cəmləşdiyi ərazilərdə istifadə edə bilər. Bu, düşmənin hərəkətini məhdudlaşdıracaq".

Qeyd edək ki, ABŞ Ukraynaya kasetli sursatların tədarük ediləcəyini təsdiqləyib. Dünya dövlətlərinin bir çoxu 44 günlük müharibə zamanı Azərbaycanın belə sursatlardan istifadə etdiyini iddia edirdilər, halbuki Azərbaycan ağıllı raketlərlə legitim hədəfləri vururdu. Ermənistan isə Azərbaycana qarşı məhz kasetli sursatlardan istifadə etmişdi. "Bayraktar"larla bağlı da eyni yanaşma tətbiq edilib: Azərbaycanın istifadə etdiyi zaman bunu "ölüm silahı", Ukrayna istifadə etdikdə "mələk" adlandırırdılar.

Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqlı müharibə kimi qəbul olunur, Azərbaycanın isə öz torpaqlarının işğalı ilə barışmağa çağırırdılar. Azərbaycan ərazilər işğal olunan zaman Qərb "münaqişənin hərbi həlli yoxdur" deyirdi, Ukraynanın ərazi işğalı zamanı isə "münaqişənin sülh həlli yolu yoxdur" dünyaya car çəkir.

Ekspert vurğulayıb ki, Qərbin ikili standartlarını saymaqla bitirmək olmaz:

"Məsələn, "Laçın" sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlı mövqe də eyni oldu. Çoxları Azərbaycanı ittiham etməyə çalışır. Halbuki həmin keçid məntəqəsi Azərbaycanın suveren ərazisində qurulub. Niyə kimsə bunu dilə gətirmir?! Bu faktlar göstərir ki, Qərb bütün məsələlərə öz maraqları kontekstindən yanaşır. İlk dəfə deyil ki, Qərbin ikili, hətta üçlü standartları ilə qarşılaşırıq. Belə hallarla əvvəl də rastlaşmışıq".

Milli.Az


Etiketlər:  Qərb kasetli sursat məsələsində ikiüzlülük edir


RƏYLƏR