Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 11:24
Azərbaycana Belarusdan gətirilən yumurtalar möhürsüz satılır.
Sonxeber.net bildirir ki, bunu Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənov ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib.
O bildirib ki, Azərbaycan qanunvericiliyinin tələbinə əsasən yumurtaların üzərinə istehsal tarixini əks etdirən möhür vurulmalıdır. Lakin Belarusdan gətirilən yumurtalarla bağlı bu tələb gözlənilmir və buna görə heç kim cəzalandırılmır.
Assosiasiya Azərbaycana idxal olunan cücə və quş əti idxalının əlavə rüsuma cəlb olunmasını da istəyir.
Mürvət Həsənli deyir ki, son aylar yerli quşçuluq təsərrüfatlarına ciddi problem yaradan bir neçə fakt qeydə alınmaqdadır. Bununla bağlı Assosiasiya hökumətə müraciət də edib. O bildirib ki, bir sıra ölkələrdəki istehsalçılar ölkəyə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar. Əsasən Türkiyədən, Rusiyadan, Gürcüstandan və digər ölkələrdən idxal edilir. Türkiyədən idxalda cücənin biri 33 sentə, Gürcüstandan idxal olunanlar isə 52 sentə reallaşıb. Bu isə yerli istehsalçıları çətin vəziyyətə salır. Kiloqramı 3 manatdan ucuz reallaşan quş ətinin idxalı da yerli təsərrüfatların məhsullarının satışını məhdudlaşdırır.
Mürvət Həsənli həmin ətlərin keyfiyyətində ciddi nöqsanlar olduğunu qeyd edib.
O, xaricdən gətirilən quş ətinin bazarda yerli istehsaldan cüzi ucuz satılmasına da aydınlıq gətirib. Bildirib ki, yerli istehsal quş ətinin qiyməti ötən il illə müqayisədə bu il 7 % ucuzlaşıb və ucuzlaşmaqda davam edir.
Assosiasiya birgünlük cücə idxalının da əlavə rüsuma cəlb edilməsini, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınmasını istəyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.