Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boqdan Drapyatıy: Ukrayna Azərbaycanın humanitar yardımlarını yüksək qiymətləndirir

Boqdan Drapyatıy: Ukrayna Azərbaycanın humanitar yardımlarını yüksək qiymətləndirir

Tarix: 11 Avqust 2023 12:18

Müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkür edirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Ukraynanın daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın bu yardımlarını yüksək qiymətləndirir. "Bu, münasibətlərimizin strateji xarakterinin daha bir göstəricisidir", - deyə nazir müavini vurğulayıb.

Azərbaycanın göstərdiyi humanitar yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev, öz növbəsində qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında Sərəncam imzalayıb. Artıq müvafiq avadanlıqlar hazırlanır və maddi-texniki təchizat işlənir. Yaxın vaxtlarda Ukrayna Azərbaycandan generator və transformatorlar alacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək.

Tibbi və psixoloji reabilitasiya məqsədilə Azərbaycana ukraynalı uşaqların göndərildiyini vurğulayan S.Mərdəliyev göstərilən humanitar yardımların səmimi olduğunu, uşaqların sosial reabilitasiyası proqramlarının davam edəcəyini bildirib. O, Londonda keçirilən Ukraynanın Bərpası Konfransında elan olunduğu kimi Azərbaycanın Ukraynada bərpa layihələrində iştirak edəcəyini diqqətə çatdırıb, minatəmizləmə işləri üçün avadanlıqların veriləcəyini qeyd edib. Artıq bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Ukrayna tərəfinin xahişi ilə Azərbaycan minatəmizləmə işlərində öz təcrübəsini bölüşəcək.

"Azərbaycan işğaldan azad etdiyi ərazilərdə minaların təmizlənməsində böyük təcrübəyə malikdir və bu işləri beynəlxalq dəstək olmadan həyata keçirir", - deyə səfir əlavə edib.

S.Mərdəliyev Azərbaycan dövlətinin İrpen şəhərinin infrastrukturunun bərpasında görəcəyi işlər barədə də ətraflı məlumat verib.

Görüşdə tərəflər maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Milli.Az


Etiketlər:  Boqdan Drapyatıy Ukrayna Azərbaycanın humanitar yardımlarını yüksək qiymətləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ