Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 14:14
Bakı. Samir Əli - Trend:
Bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanıb.
Trend-in məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.
Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə "Bakı Metropoliteni"nə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.
Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin