Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 17:03
Avqustun 16-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır. Eyni zamanda, diplomatik korpus nümayəndələrinə 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Onlar hazırda davam edən genişmiqyaslı quruculuq işləri və yol-infrastruktur, kommunikasiya, şəhərsalma prosesləri ilə də yaxından tanış olublar.
Ağdama səfər edən heyətə 41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxildir. Lakin təəssüf ki, ermənilərin hazırda şər-böhtan, əsassız ittihamlarla dolu çirkin kampaniyaya başladıqları bir zamanda həqiqətləri yerindəcə görmək, haqqı yalandan ayırmaq üçün Azərbaycanın təqdim etdiyi bu imkandan yararlanmaq istəməyən və bu təşəbbüsə qatılmayan diplomatlar və hərbi nümayəndələr də oldu.
Sonxeber.net AZƏRTAC-a istinadən bununla bağlı qısa dəyərləndirməni təqdim edir.
Hər bir səfir ölkəsinin təmsilçisi olmaqla yanaşı, həm də siması və simvolu hesab edilir. Bu gün xarici siyasətin, diplomatların imkanları da dəyişərək yeniləşir, zənginləşir. "Yumşaq güc" adlanan çoxşaxəli imkanlar arsenalı beynəlxalq münasibətlər sisteminin bütün sahələrinə nüfuz edir, öz dövlətinin strateji hədəflərini, həm də cəlbedici obrazını real şəkildə tanıtmağa xidmət edir. Məhz buna görədir ki, işğaldan azad edilmiş ərazilərə postmüharibə dövründə mütəmadi qaydada müxtəlif ölkələrin, beynəlxalq diplomatik təsisatların, təşkilatların və nümayəndəliklərin, qlobal assosiasiya, birlik və blokların təmsilçilərinin səfərləri təşkil edilir.
Azərbaycanın təşkil etdiyi budəfəki səfər də diplomatlara Ermənistanın son otuz il ərzində Qarabağda törətdiyi vəhşiliklərin, vandalizm əməllərinin nəticələrini canlı müşahidə imkanı yaradır. Həmçinin nümayiş etdirilir ki, birmənalı şəkildə blokadadan söhbət gedə bilməz, bu iddialar həqiqəti əks etdirmir, reallıqdan tamamilə uzaqdır. İsveç, Kolumbiya, Macarıstan, Meksika, Braziliya, İsrail, Litva, İndoneziya, Liviya, Tacikistan, Gürcüstan, Yaponiya, Argentina, Slovakiya, Sudan, Xorvatiya, Latviya, Türkiyə, Böyük Britaniya, Rumıniya, Rusiya, Çin, Estoniya, Ukrayna, Pakistan, İtaliya, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliyi, Polşa, Mərakeş, Serbiya, Belçika, İsveçrə, İraq, ABŞ, İran, Qazaxıstan, Almaniya, Bolqarıstan, Çexiya, Qətər kimi ölkələrin və BMT, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri humanitar fəlakət yaradan Ermənistandan fərqli olaraq Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunan Ağdam-Xankəndi yolundan istifadənin real olduğuna şahidlik etdilər.
Azərbaycanın Ağdama səfərlə bağlı dəvətinə Fransa, İspaniya, Venesuela kimi ölkələr, ümumiyyətlə, reaksiya verməyiblər. Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Monteneqro, Malayziya, Belarus, Yunanıstan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzairin diplomatik nümayəndələri zəng edib müxtəlif səbəblərlə əlaqədar, yaxud bəziləri heç bir səbəb demədən səfərə qatılmayacaqlarını ifadə ediblər. Bu, əslində, onların Ağdama səfərdən deyil, həqiqəti görməkdən imtina etməsidir.
Azərbaycan dövləti 30 ilə yaxındır ki, müstəqil dövlət qurmaqla yanaşı, təkcə erməni işğalına qarşı deyil, həm də beynəlxalq münasibətləri və hüququ iflic edən ikili standartlara qarşı da mübarizə aparıb. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələrinin, dünya ictimaiyyətinin erməni həyasızlığına biganəliyinin və bitərəfliyinin ən yüksək tribunalardan bəyan edilməsi, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün gecə-gündüz yorulmadan mübarizə aparılıb və bu, hazırda da davam edir. Məhz haqq-yalan savaşında Azərbaycanın qalib gəlməsi ilə Zəfər diplomatiyası modeli ortaya qoyuldu. Bu, həm də onu göstərdi ki, beynəlxalq aləmdə ikili standartlar siyasəti ağır nəticələr doğurur. Bu ədalətsiz yanaşma, ikili standartlar bumeranq effekti kimi, həmin dövlətlərin özlərinə zərər vuracaq.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərlər Ermənistanın otuz il ərzində formalaşdırdığı dezinformasiya mənzərəsinin alt-üst edilməsinə, dünya erməniliyinin əsl simasının çılpaq şəkildə ifşa olunmasına, müharibə dövründə törədilmiş vandalizmi, normallaşma prosesində Ermənistanın və onun yaratdığı qondarma separatçı rejimin qeyri-konstruktiv mövqeyinin əsassızlığını tam şəkildə sübuta yetirilməsinə xidmət edir. Bu, həm də Azərbaycanın üzləşdiyi postmüharibə reallıqlarını, ermənilərin azad edilmiş torpaqlarımızın az qala hər qarışını minaladıqlarını görməyə, Azərbaycanın regionu sabitlik və inkişaf bölgəsinə çevirmək istiqamətində həyata keçirdiyi genişmiqyaslı layihələri, Qarabağın erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımları görmək, ermənilərin dünya ictimaiyyətini çaşdırmaq üçün həyata keçirdiyi siyasi manipulyasiyaların əsassız olduğunu dərk etmək üçün gözəl imkandır. Bu baxımdan Ağdama səfər həqiqəti görmək istəyənlər və onu gözardı edərək yalan iddialara qulaq verənlərin aydın təsəvvürünü yaradır.