Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 18:14
Avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçarkən "Vaqner" rəhbəri, "Putinin aşpazı" ləqəbli Yevgeni Priqojinin aradan götürülməsi ilə bağlı Rusiya lideri Vladimir Putin açıqlama verdi.
Adətən ölənlər və yaxud aradan götürülənlərlə bağlı açıqlamaya tələsməyən Vladimir Putinin cəmi bir gündən sonra, 24 avqustda Priqojinlə bağlı danışması, onu xarakterizə etməsi, xidmətlərini və səhvlərini vurğulaması maraqla qarşılandı. Xüsusilə Putinin qeyri-əmin, daha qətiyyətsiz çıxışı onun bu açıqlamaya hazır olmadığı təəssüratını doğurdu və dərhal da sual yarandı: Doğrudanmı Priqojini öldürmə əmrini verən Putindir?
Putin sanki Priqojini bağışladığını ifadə etməyə çalışırdı, hətta onun Afrikada Rusiya xalqının maraqlarını qorumasını qeyd etdi. Eyni zamanda, onun həmin gün - 23 avqustda Afrikadan gəldiyi və Moskvada yüksək səviyyəli görüşlər keçirdiyini xüsusi eyhamla bildirdi.
Məntiqlə də elədir: Priqojin hələ 23-24 iyun qiyamında Putinə qarşı olduğunu bir dəfə də dilə gətirməmişdi, üstəlik, Belarus liderinin işə qarışması ilə dərhal dayandı: bunun ardınca Putinlə bir neçə saat davam edən görüş, ağır texnikanın təhvil verilməsi, Belarusa və oradan da Afrikaya gediş tələbini can-başla yerinə yetirdi.
"Vaqner"in ağır silahlarsız qalması, bəzi üzvlərinin Rusiya MN ilə müqavilə bağlaması - başqa sözlə, gücsüzləşməsinə Priqojin etiraz etmədi. Putinin ötəngünkü sözlərindən belə çıxdı ki, onun Ukrayna savaşına girməsi də, "Afrikada Rusiyanın maraqlarını qoruması da" onun xahişi ilə icra edilib; yəni Priqojin Putinin tapşırıqlarından çıxmayıb.
Putin Priqojini Rusiyadan çıxardı, Afrikada Kremlin maraqlarını təmin etməyə göndərdi, "Vaqner" də bu işi ən qısa müddətdə yüksək keyfiyyətlə gördüyünü ortaya qoydu. Məhz bu məqamda Priqojin niyə öldürülməli idi? Priqojinin məhz indiki halda - Afrika mübarizəsini üzərinə çəkərkən aradan götürmək Putinin maraqlarına uyğundurmu?
Rusiya lideri çıxışında bu məqamlara toxunur və Priqojinə sui-qəsdin onun planı olmadığına eyham vururdu - həm də ciddi tərəddüdlərlə. Axı, bu etirafın özü də Putinin nüfuzu üçün ciddi zərbədir. Belə çıxır ki, Rusiyada kim və ya kimlərsə Putinsiz bu qədər sensasiyalı qətl qərarları vermək gücündədir.
Bu arada daha bir sensasiyalı versiya gündəmə gətirilib. Bildirilir ki, 23 avqustda məşhur milyarder, Ukrayna məsələlərində artıq bir neçə dəfə vasitəçilik etdiyi təsdiqlənən Roman Abramoviç də Moskvada olub. Onun Müdafiə Nazirliyi ilə yanaşı, Kremldə bir sıra yüksək səviyyəli görüşlər keçirdiyi qeyd edilir.
Nə qədər maraqlı da olsa, məhz Priqojin də Afrikadan avqustun 23-ü dönür və Putinin dediyi kimi, "yüksək səviyyəli" görüşlər keçirir.
Abramoviç Moskvaya hansı təkliflə gəlib? Hələ bircə gün əvvəl Afrikadan video-müraciət yayan Priqojin məhz onunla görüşmək üçünmü Moskvaya dönüb? Onu kim çağırıb və niyə?
Bəzi iddialara görə, Abramoviç Qərbin xüsusi təklifləri ilə gəlib: Rusiya ordusunun indi olduğu ərazilərdə dayanması şərtilə müharibəni dayandırmaq və danışıqlara başlamaq; Krım və Donbasın güzəşti müqabilində Rusiyanın Ukrayna müharibəsindən qalib ayrılmasını təmin etmək... Əvəzində isə bir çox regionda Kreml güzəştə getməli və yaxud geri çəkilməlidir.
Bu regionlardan biri də Afrikadır. Abramoviçin bu təklifinin Priqojinə çatdırılıb-çatdırılmadığı məlum deyil və əslində Afrikada fəaliyyət də Priqojinin öz beyninin nəticəsi deyil. Buna yalnız Putin qərar verir.
Bu versiyanı müdafiə edənlərin fikrincə, Priqojinin qətlə yetirilməsi Abramoviçin təklifinə Rusiyanın bəzi güclərinin razılıq verməsinin əlamətidir. Başqa sözlə, Putin fakt qarşısında qoyulur: Priqojin yoxdursa, "Vaqner" də yoxdur və yaxud "Vaqner" artıq Afrikada Rusiya üçün vuruşacaq gücdə deyil. Beləliklə, Afrikadan Rusiyanın "təbii çıxması" baş verməlidir.
Prosesin BRİKS toplantısından dərhal sonra baş verməsi də düşündürücüdür. Priqojin Qərbə Rusiyanın bəzi gücləri tərəfindən "hədiyyə" edilir, əvəzində Ukrayna savaşını Kremlin uğurla başa çatdırmasına şərait yaradılır.
Qərbin istədiyi regionun yalnız Afrika ilə məhdudlaşmadığı iddiaları da var. Digər region Cənubi Qafqazdır və Priqojinə aid ikinci təyyarənin ötən gün axşam saatlarında Bakıya enməsi xəbəri bu baxımdan diqqət çəkir. Gələn kimdir? Abramoviçmi? Bəs niyə Priqojinin ikinci təyyarəsi ilə? Və niyə məhz Bakıya, İrəvana deyil?
Ən maraqlı məqamlardan biri isə Priqojinin ikinci təyyarəsinin 23 avqustda - Priqojinin öldüyü gün Bakıya gələcəyi haqda məlumatın yayılması idi.
Putin bu plana əvvəlcədənmi razı olub, ya fakt qarşısında qalaraq razılaşacaq? Yoxsa müqavimət göstərəcək və Priqojinin əvəzinə daha güvənilir bir adamla "Vaqner" layihəsini və Afrika uğrunda savaşı davam etdirəcək?
Bu barədə heç bir ehtimal yoxdur. Qərbin Priqojini "almasından" sonra məxfi razılaşmalarda daha üstün mövqedən çıxış edəcəyi isə şübhəsizdir.
Bu, Rusiya üçün növbəti tələ də ola bilər - vaxtilə "4-lü danışıqlar" formatı ilə Ukraynanın güclənməsi üçün Rusiyanın aldadıldığı kimi...