Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2019 13:57
Bakı. Samir Əli - Trend:
“Azərenerji” ASC regionlardakı elektrik stansiyalarında olduğu kimi, qoyuluş gücü 104,4 meqavat olan “Bakı” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi, etibarlığın və dayanıqlığın artırılması istiqamətində təmir, bərpa işlər aparır.
ASC-dən Trend-ə verilən məlumata görə, ötən ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər “Bakı” Elektrik Stansiyasında mövcud 12 aqreqatdan 1 ədədi ümumiyyətlə işləmirdi, qalan 11 aqreqat isə kəsirlə işləyirdi. İlin sonunda bütün aqreqatlarda itirilmiş güc bərpa ediləcək. Belə ki, yaranan problemi aradan qaldırmaq üçün ilin əvvəlindən aqreqatların ehtiyat hissələri sifariş edilərək gətirilib və sazlama işlərinə başlanılıb. 2015-ci ildən fəaliyyətini dayandıran bir ədəd aqreqat da daxil olmaqla son aylarda 7 aqreqat təmir edilib, 2 aqreqatda isə təmir işləri yekunlaşmaq üzrədir. İlin sonuna qədər digər 3 aqreqatda da təmir işləri yekunlaşdıqdan sonra stansiyada 20 meqavat itirilmiş güc bərpa ediləcək. Stansiyada enerjinin istehsalı ilə yanaşı ötürülməsi istiqamətində də kompleks işlər həyata keçirilib və stansiyadan çıxan 4 ədəd 110 kilovoltluq yüksək gərginlikli hava xətlərindəki problemlər aradan qaldırılıb.
Xatırladaq ki, “Azərenerji” ASC “Bakı” Elektrik Stansiyası ilə yanaşı “Səngəçal”, “Xaçmaz”, “Şəki”, “Astara” və “Şahdağ” modul tipli elektrik stansiyalarında, həmçinin “Azərbaycan” İstilik Elektrik Stansiyası da daxil olmaqla ümumilikdə 12 elektrik stansiyasında yenidənqurma, təmir, bərpa işləri həyata keçirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin