Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2023 13:04
Meta sosial media şirkəti hesabat dərc edərək öz platformalarında İrana bağlı saxta hesablar şəbəkəsinin silindiyini açıqlayıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, şəbəkə İran hökumətinin siyasətinə uyğun məzmunlar dərc etməklə Türkiyə vətəndaşlarının fikirlərinə təsir göstərməyə çalışıb.
Metanın hesabatına görə, şəbəkəyə 22 Feysbuk istifadəçi hesabı, 21 səhifə və 7 İnstaqram hesabı daxildir. Bu hesablar və səhifələr Metanın "koordinasiya edilən saxta davranış" prinsipini pozduğu üçün silinib.
Təxribatçı şəbəkə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı xəbərləri türk dilində yayımlayıb. İran və Fələstinlə bağlı dəstəkləyici materiallar, Əli Xameneyinin çıxışlarının işıqlandırılması və İsrail, ABŞ, Türkiyə hökuməti və bu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) haqda tənqidi qeydlər bu şəbəkənin dərc etdiyi məzmunlar arasındadır.
Təxribatçı kampaniyanın təşkilatçıları hazırlanmış məzmunların linkini Feysbuk, İnstaqram, Tvitter, Teleqram, Linkedin və Pinterest kimi müxtəlif platformalarda dərc etməklə istifadəçiləri öz internet səhifələrinə yönəltməyə çalışıblar.
Şirkət saxta hesabları böyük auditoriyaya çıxış əldə etməmişdən əvvəl sildiyini bildirir.
Qeyd olunan hesablar və səhifələr Türkiyədə prezident seçkiləri öncəsi müəyyən edilib.