Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlilliyi olan şəxslərin hüquqlarına dair seminarda Ombudsmanın nümayəndəsi çıxış edib

Əlilliyi olan şəxslərin hüquqlarına dair seminarda Ombudsmanın nümayəndəsi çıxış edib

Tarix: 30 Oktyabr 2019 14:40

Bakı. Trend:

Bu günlərdə Finlandiyanın Xarici İşlər Nazirliyinin, ABİLİS Fondunun və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə Bakı şəhərində əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş “İnklüziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda seminar təşkil edilib.

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun, Finlandiyanın Azərbaycandakı səfiri xanım Arja Makkonenin, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini xanım İrina Qoryunovanın, digər beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələrinin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Müqalib Mahmudov da iştirak edib.

Tədbirdə “Təhsil qurumlarında və iş yerlərində müyəssərlik”, “Peşə reabilitasiya xidmətləri”, “İnklüziv təhsil” mövzularında müzakirələr aparılıb.

M.Mahmudov “Peşə reabilitasiya xidmətləri” mövzusu üzrə çıxış edərək Ombudsman Elmira Süleymanovanın ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında və Beynəlxalq Əmək Təşkilatının “Əlilliyi olan şəxslərin peşə reabilitasiyası və mәşğulluğu haqqında” Konvensiyasında təsbit olunmuş əmək və məşğulluq hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib.

Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə, o cümlədən Biznes və insan hüquqları üzrə İşçi qrupunun iclaslarında əlilliyi olan şəxslərin məşğulluğu və iş yerlərində əmək hüquqlarının təmin edilməsi məsələlərinin müzakirə edildiyi, bu sahədə bir sıra əhəmiyyətli təkliflərin irəli sürüldüyü bildirilib.

Əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli məqsədi ilə peşə-sosial reabilitasiya xidmətləri göstərən mərkəzlərin yaradılması, ümumi əmək bazarında onlar üçün heç bir ayrı-seçkiliyə yol verilmədən bərabər imkanların mövcud olduğu müyəssər iş yerlərinin açılması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsinə diqqətin artırılması, bu kvotanın yerinə yetirilməsində fəallıq göstərən işəgötürənlərin həvəsləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, kvotanı təmin etməyən və ya onları işə qəbul etməkdən imtina edən müəssisə, idarə və təşkilatlara qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyət növlərinin tətbiq edilməsinə nəzarətin gücləndirilməsi, korporativ sosial məsuliyyətin təbliği və sahibkarların diqqətini sosial sahəyə yönəltməklə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsi, əlilliyi olan şəxsləri münasib işlə təmin edən işəgötürənlərə real vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsinin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində təkliflərin məhz bu qəbildən olduğu diqqətə çatdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əlilliyi olan şəxslərin hüquqlarına dair seminarda Ombudsmanın nümayəndəsi çıxış edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ