Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2023 18:40
Ənvər Əliyev: "Zavodun Ararat şəhəri yaxınlığına köçürülməsi də çıxış yolu deyil, məsələni diqqətdə saxlamalıyıq..."
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Ermənistan Arazdəyəndə tikmək istədiyi metallurgiya zavodunu başqa yerə köçürmək qərarına gəlib. Bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, köçürmə üçün ən ideal variant kimi Ararat şəhəri yaxınlığı göstərilir.
Zavod rəhbərliyi məlumatı Ermənistan mətbuatına şərh etməkdən imtina edib. Avropa Birliyinin Ermənistandakı mülki missiyası da X sosial şəbəkəsindəki səhifəsində zavodun başqa yerə köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan ekologiyasına ciddi fəsadlar vəd edən zavod ABŞ maliyyəsi əsasında və Hindistanla birgə şirkət tərəfindən inşa edilirdi. Erməni tərəfi Azərbaycanı şantaj etmək üçün həmsərhəd ərazidə ABŞ bayrağı da asmışdı. Lakin bu oyunlar keçmədi. Bakı həmçinin rəsmi səviyyədə müvafiq beynəlxalq instansiyalara, eləcə də Ermənistanın Ekologiya Nazirliyinə şikayətlər ünvanlamış, tikintini dayandırmağı tələb etmişdi. Ermənistan isə zavodun inşasının guya bütün beynəlxalq norma və öhdəliklərə riayət edilməklə aparıldığını iddia edirdi.
Bundan əlavə, erməni tərəfi bununla Naxçıvanın işğal altındakı Kərki kəndinin geri qaytarılmasını əngəlləməyi hədəfləmişdi. Ancaq yekunda Azərbaycan deyən oldu, tikinti sərhədimizdən uzaqlaşdırıldı.
Xatırladaq ki, təxminən 1 ay öncə zavodun başqa əraziyə köçürülməsi ilə əlaqədar xəbərlər yayılmışdı, lakin nə təsdiq, nə də təkzib edilmişdi.
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları da məsələyə diqqət çəkmək üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət etmişdi. Müraciətdə Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunub (sübutlar və əsaslandırılmış faktlar əlavə olunmuşdu).
"Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir.
Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir", - müraciətdə deylirdi.
Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan
Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev məsələni "Yeni Müsavat"a bu cür şərh etdi: "Ermənistan molibden və uran istehsal edir. Hər iki elementin təmizlənməsi, emal olunması təhlükəli prosesdir və ciddi fəsadlar yaradır. İstənilən metallurgiya zavodunun fəaliyyəti üçün su lazımdır. Nəticədə böyük həcmdə tullantı suları əmələ gəlir. Heç kim Ermənistanın tullantı sularını sanitar-gigiyenik normalara uyğun şəkildə Araza axıtdığına dair zəmanət verə bilməz. Zavodun Ararat şəhəri yaxınlığına köçürülməsi çıxış yolu deyil. Əsas məsələ zavodun hansı su mənbəyinə yaxın olmasıdır. Məlumdur ki, tranzit çayların bəziləri Ermənistan ərazisindən qidalanır. Belə olan halda çaylarda ciddi fəsadlar yarana bilər.
Ermənistan ekologiyaya aid heç bir beynəlxalq müqaviləni imzalamır. Çayların bərpası üçün həddən artıq vəsait və zaman lazımdır. Məsələni daim diqqətdə saxlamaq lazımdır. Dövlət qurumları, qeyri-hökumət təşkilatları hər ehtimala qarşı zavodun tikintisi ilə əlaqədar xəbərləri gündəmdə saxlasalar, yaxşı olar. BMT və digər təşkilatların su hövzələrinin qorunması haqqında qəbul etdiyi beynəlxalq normalar var".