Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan niyə yumşaldı? - Sülh çağırışlarının pərdəarxası

Ermənistan niyə yumşaldı? - Sülh çağırışlarının pərdəarxası

Tarix: 25 Sentyabr 2023 16:51

"Azərbaycanın keçirdiyi son antiterror tədbirlərindən sonra Ermənistanda mövcud olan bəzi ümidlər puça çıxdı. Artıq başa düşür ki, geriyə dönüş yoxdur və Azərbaycan Qarabağ üzərində tam suverenliyi əldə edib. Rusiya da bu və ya digər formada Azərbaycana hər hansı bir ciddi təsir etmək imkanında deyil".

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri  politoloq Samir Hümbətov deyib.

O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülh müqaviləsi haqqında son bəyanatına münasibət bildirib.

S. Hümbətovun fikrincə, Qarabağ məsələsi yekunlaşdığından Ermənistan-Azərbaycan münasibətlərindəki gərgin vəziyyət artıq mövcud deyil:

"Kreml İrəvana ciddi dəstək verə bilmir. Həm də Nikol Paşinyan Moskvadan uzaqlaşmağa çalışırdı və ona bir bəhanə lazım idi. İndi bu bəhanə var. Paşinyan deyir ki, Rusiya nə Ermənistana, nə də Qarabağ ermənilərinə heç bir formada yardım etməyib. Ona görə də ən yaxşısı Azərbaycanla münasibətləri düzəltməkdir".

O vurğulayıb ki, kollektiv Qərblə müqayisədə Fransa Qarabağ məsələsində fərqli mövqe tutur:

"ABŞ və digər dövlətlər regionda stabilliyin mövcudluğu tərəfdarlarıdır. Bu gün həmin dövlətlərin sifarişini Paşinyan iqtidarı həyata keçirməyə çalışır. Onun komandası kefindən söyləmir ki, Azərbaycanla münasibətləri düzəltmək istəyirlər. İrəvanda başa düşürlər ki, Ermənistan tam şəkildə küncə sıxışdırılıb.

Paşinyan administrasiyası mövcud vəziyyətdə Azərbaycanla sülh danışıqları prosesinə hazır olduğunu bildirir. Bunun nə dərəcədə səmimi olduğunu zaman göstərəcək.

Sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağını demək bir az çətin məsələdir. Bu, artıq tərəflərin iradəsindən və İrəvanın ortaya qoyacağı mövqedən asılıdır. Əgər Ermənistan həqiqətən də sülh müqaviləsinin imzalanmasını istəyirsə, o zaman bunu gerçəkləşdirmək mümkündür.

Qarşıda 3 ay var və tərəflər iradəsini ortaya qoysa, alınar. Bu gün ortaq mətin hazırdır və ortaq razılıqlar var. Deməli, biz təzədən oturub hansısa müqavilənin üstündə işləməyəcəyik. Biz əlimizdə olan müqavilədə bəzi düzəlişləri edib bunu imzalaya bilərik".

Milli.Az


Etiketlər:  Ermənistan niyə yumşaldı Sülh çağırışlarının pərdəarxası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ