Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YARAT multimedia rəssamı Tatarintsevin “MONO” adlı fərdi sərgi-layihəsini təqdim edir

YARAT multimedia rəssamı Tatarintsevin “MONO” adlı fərdi sərgi-layihəsini təqdim edir

Tarix: 27 Sentyabr 2023 16:33

YARAT Müasir İncəsənət Məkanı multimedia rəssamı Maksim Tatarintsevin "MONO" adlı fərdi sərgi-layihəsini təqdim edir.

Açılış: 28 sentyabr, 19:00

Məkan: ARTIM Layihə Məkanı
Sərginin müddəti: 28 sentyabr - 30 dekabr
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5

"MONO" - (qədim yunan dilindən μόνος (mónos), "tək, tənha, yalnız").

Sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanının sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hal-hazırkı subyektiv reallığını vurğulayır.

Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"

Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.

Sərginin kuratoru: Zəhra Məmmədova

Rəssam haqqında:

Multimedia rəssamı Maksim Tatarintsev (d. 1991, Ukrayna) 2014-cü ildə S. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasının "Mühit dizaynı" fakültəsini, 2018-ci ildə isə İ. Bakşteyn adına Müasir İncəsənət İnstitutunu bitirib. Onun yaradıcılığının əsas mövzusu şəxsiyyətin inkişafının mənbəyi kimi sosial mühitdir. Əsasən video-art istiqamətində çalışan rəssam, yaradıcılığında zaman anlayışını dərk etməyə çalışaraq, bu amilin dövri və nisbi xüsusiyyətlərini vurğulayır. Rəssamın bir sıra fərdi sərgiləri keçirilib: "By My Side"

("DORDOR" Qalereyası, Nyu-York, ABŞ, 2021);  "Xronometraj" ("PRO ART`S" Qalereyası, Kaluqa, Rusiya, 2020). O, həmçinin çoxsaylı qrup sərgisi və layihələrin iştirakçısıdır, o cümlədən: "SafeZone" (ARTIM Layihə Məkanı, Bakı, 2022); "Şeylər" ("ART4" Muzeyi, Moskva, Rusiya, 2022); Fisura Beynəlxalq Eksperimental Film və Video Festivalı (Meksika, 2021); "COSMOSCOW" İncəsənət Yarmarkası (Moskva, 2020); "Die Wahrheit" (Peterburq İncəsənət Məkanı, Berlin, Almaniya, 2018), Beynəlxalq Gənc İncəsənət Biennalesi (Moskva, Rusiya, 2018, 2016) və s. Onun əsərləri bir sıra mükafatlara layiq görülüb.

Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00 - 20:00

Milli.Az


Etiketlər:  YARAT multimedia rəssamı Tatarintsevin MONO adlı fərdi sərgi layihəsini təqdim edir


RƏYLƏR