Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir - Ombudsman

Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir - Ombudsman

Tarix: 27 Sentyabr 2023 21:54

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldovanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının 25-ci ildönümünə həsr olunmuş "Müasir cəmiyyətlərdə mövcud olan yeni çağırışlar kontekstində insan hüquqlarının müdafiəsi və təbliği" mövzusunda beynəlxalq konfransda iştirak edib.

Ombudsman Aparatından Milli.Az-a bildiriblər ki, xarici ölkələrin ombudsmanlarının qatıldıqları tədbirdə "İnsan hüquqları və bərabərlik üzrə maarifləndirmə və təşviq dezinformasiya və propaqanda ilə mübarizə vasitəsi kimi" mövzusunda çıxış edən müvəkkil əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və təbliği istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib.

S.Əliyeva Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılmasında, milli qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirak etdiyini bildirib.

Eyni zamanda, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən, ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edilib.

Azərbaycanın regionda, eləcə də bütün dünyada dezinformasiyadan və propaqandadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayan ombudsman Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər aparılan nifrət siyasətinin sülhə ciddi təhdid yaratdığını və insan hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib. Həmçinin Azərbaycana qarşı etnik nifrət zəminində aparılan siyasətinin nəticəsi olaraq Ermənistan hakimiyyətinin sosial mediada davamlı şəkildə xalqlar arasında düşmənçilik hissi aşılayan mənfi təbliğat kampaniyası apardığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ombudsman təsisatı tərəfindən Ermənistanın azərbaycanlılara qarşı etnik zəmində nifrəti təbliğ edən siyasətinin qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edilib, müvafiq beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara, xarici ölkələrin ombudsmanlarına, milli insan hüquqları təsisatlarına hesabat, müraciət və bəyanatların göndərilib.

Milli.Az


Etiketlər:  Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir Ombudsman


RƏYLƏR