Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 07:45
Tezliklə sizinlə görüşə gəlirəm. Həyəcanlıyam, o qədər də sevincliyəm. Qulluğunuzda dayanmaq başqa zövqdür. Nə yaxşı ki, mənimləsiniz. 22 ildir kədəriniz ağrım, sevinciniz qürurum oldu. Hər zaman empati qurdum, hiss etdim, dərdinizi dərdim bildim, yorulmadım. Bu yolda qapan, tutan, vuran oldu, amma yıxılmadım. Məni öldürməyənlər məni bərkitdi.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zaur Baxşəliyev instaqramda yazıb. Yeni mövsüm barədə "Bizimləsən" verilişin anonsunu paylaşan aparıcı sənət yolunda qarşılaşdığı çətinlikləri izləyiciləri ilə bölüşüb.
"Hər zaman bir nəfəs qədər yaxın oldum, bunun üçün çalışmadım, çünki mən belə doğuldum. Bəlkə də uşaqlıq itkilərim məni bu qədər empati qurmağa vadar elədi. Bu kadrlarda 22 illik tv həyatımın tam 12 ilinin qısa özəti var. Üzüm-gözüm qırışdı, saçım saqqalım ağardı, amma ruhum, düşüncəm, baxışım dəyişmədi. Böyüdüm, amma uşaq saflığımı Allah məndən almadı. Qarşıma çıxan bütün maneələri sınaq kimi qəbul etdim. Onların yaxşı tərəfini pay götürdüm. Güldüm, şükr etdim. Hər addımda Allahı unutmadım. Dünyanın faniliyini, adiliyini, eniş-yoxuşunu hiss etdim, dərk etdim, ən əsası qəbul etdim. Mənə heç nə rahat olmadı. Olmayacağına da əminəm. Bunun subyektiv səbəblərini zamanı gələndə detallı şəkildə sizə danışacağam. Heç vaxt rahatlıq görməsəm də, narahat etdiyimin də fərqindəyəm. İnşallah tezliklə gəlirik... Dərdlərinizin həllində hər zaman olduğu kimi yenə də varam. Bizimləsiniz", - Zaur qeyd edib.