Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 qol buraxdı, rəmzi komandaya düşdü - ''Bəzən mən də təəccüblənirəm''

4 qol buraxdı, rəmzi komandaya düşdü - ''Bəzən mən də təəccüblənirəm''

Tarix: 31 Oktyabr 2019 17:32

Azərbaycan Premyer Liqasında hər həftə açıqlanan turun rəmzi komandasındakı seçimlər istər azarkeşlər, istərsə də media tərəfindən birmənalı qarşılanmır. Elə bu dəfə turun rəmzi komandasın da bir məqam diqqəti çəkdi. “Sumqayıt” – “Neftçi” matçında (2:4) meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov 4 qol buraxdığı halda simvolik komandaya düşüb.

Bəs, bu seçimlər necə aparılır?

Qol.az-a açıqlama verən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev rəmzi yığmanın "InStat" şirkətinin təhlilinə əsasən seçildiyini deyib:

“Rəmzi komanda “İnStat” şirkətinin təhlili əsasında müəyyənləşir. Təkcə Azərbaycan yox, bir çox ölkələrdə “İnStat” bu işi görür. Onların təhlilində futbolçunun oyun zamanı faydalı iş əmsalı əsas götürülür. Məsələn, neçə dəfə top qazanıb, neçə dəfə ötürmə verib, açar ötürməsi verib, qapıçı neçə dəfə seyv edib və s. Buna görə də futbolçuların “İnStat” indeksləri toplanır və mövqeyində ən yüksək xala malik oyunçu rəmzi yığmaya daxil olur. Hamıdan çox toplayan isə turun oyunçusu seçilir”.

PFL rəsmisinin “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun 9-cu turda “Neftçi” ilə oyunda 4 qol buraxmasına baxmayaraq, rəmzi komandaya düşməsinə münasibəti isə belə olub:

“Mən maraqlandım, həmin oyunda Mehdinin 5 seyvi var. Digər qapıçılarda isə bu rəqəm azdır. Rəmzi yığmayla bağlı azarkeşlər, jurnalistər arasında mübahisələr tək bizdə yox, bir çox ölkədə olur. “İnStat”ın təhlili tam başqadır. Biz ümumi analizləri tərcümə etdirdik, hardasa 30-40 səhifəlik materialdır. Orda elə incəliklər var ki, oxuduqca bitmir. Məsələn, qapıçı əgər inanılmaz bir qurtarış edirsə, bunun adına “brilliant save” deyirlər. Əgər “rikoşet” olursa - zərbə zamanı top başqa oyunçunun ayağına dəyib, istiqamətini dəyişirsə, bu topu çıxarmaq çox çətindir. Buna da dediyim kimi, “brilliant save” deyirlər. Bu da təbii ki, onun xalına müsbət təsir edir. Ya da açar ötürmələri var ki, qolla yekunlaşır. Yəni, bu kimi misallar o qədər çoxdur ki, hər şey hesablanır. Bəli, ola bilər ki, bizim fikrimizlə üst-üstə düşməsin. Biz 90 dəqiqə oyuna baxanda həmin matçı bütünlüklə analiz edə bilmirik, axı. Kim neçə dəfə top aldı, neçə dəfə zərbə vurdu və s. Hətta mənim özümə də maraqlı gəldi ki, Mehdi Cənnətov 4 qol buraxdığı halda rəmzi yığmaya düşüb. Daha sonra analizə baxdıqdan sonra bildim ki, 5 seyv etdiyinə və digər qapıçılarda bu rəqəm daha az olduğuna görə düşüb”.

A.Şahgəldiyev “İnStat”ın qərarlarına özünün də bəzən təəccübləndiyini etiraf edib: “İnStat”ın tərcümə olunmuş variantını oxumasaydım, mən də qərarlardan narazı olardım. Amma onu oxuyandan sonra gördüm ki, onların futbola baxışı bizim baxışımızla fərqlənir. Bizdə azarkeşlər adətən deyirlər ki, filan oyunçu qol vurdu, niyə onu seçmirlər. Onların analizi tamam başqa cürdür. Hər şey qolla yekunlaşmır. Olur ki, mən də təəccüblənirəm. “İnStat”ın baxışı ilə bizimki üst-üstə düşə bilməz”.

Məftun RƏSULZADƏ

 


Etiketlər:  buraxdı rəmzi komandaya düşdü Bəzən mən təəccüblənirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ