Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamaləddin Qafarov: “Fransa normallaşma prosesinə zərbə vurur”

Kamaləddin Qafarov: “Fransa normallaşma prosesinə zərbə vurur”

Tarix: 14 Oktyabr 2023 11:00

"MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın yerləşdiyi regionda ümumi təhlükəsizliyin təmin olunması işinə verdiyi önəmli töhfələrin yüksək qiymətləndirilməsindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 11-də Şura  iclasının iştirakçıları qəbul edərkən təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu vurğuladı." Bunları mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib:" Daim operativ informasiya mübadiləsi aparmağın zəruriliyini qeyd edən dövlət başçımızın fikrincə, ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Cənab Prezident bir daha diqqəti üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktına yönəltdi. Məsələ bundadır ki, ölkəmizin sentyabr ayının 19-da uğurla keçirdiyi antiterror əməliyyatı, daha doğrusu bu əməliyyatın nəticələri öz təsirini sadəcə Azərbaycana göstərmədi. Ölkəmizin öz ərazisində tam suverenliyini təmin etməsilə bütün Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün yeni imkanlar yarandı."       

K.Qafarov deyib: "Azərbaycan ərazisinin təxminən iyirmi faizi otuz ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu müddət ərzində həmin ərazilərdə etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu. Azərbaycan məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün bütün mümkün vasitələrə əl atdı. 28 il ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar aparıldı. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlara əməl olunmadı. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələlərə bir daha toxundu və son dərəcə dəqiq olaraq vurğuladı ki, bu münaqişənin nizama salınmaması ATƏT-də böyük dəyişiklik edilməsi zərurətini ortaya çıxardı. Birləşmiş Millətlər Təşkilatının  öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilməməsi bu qurumun da birbaşa funksiyalarını icra etmək iqtidarında olmadığını deməyə əsas verir."

Kamaləddin Qafarov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin bəzi Qərb ölkələri tərəfindən əngəlləndiyini və bunun məqsədyönlü şəkildə həyata keçirildiyini vurğulayaraq  deyib: "Azərbaycan 2020-ci ilin sentyabrında başladığı və 44 günə tarixi Qələbə ilə başa vurduğu İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq torpaqlarının işğalına son qoydu. Həmin il noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanat imzalandı. Lakin rəsmi İrəvan ötən üç il ərzində Bəyannamənin bəndlərini yerinə yetirmədi. Ermənistan silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmadı. Əksinə Laçın sərhəd buraxılış məntəqəsi qurulana qədər həmin hərbi birləşmələr üçün ölkəmizin ərazisinə külli-miqdarda döyüş silah-sursatları daşındı, minalar gətirildi, ərazi əlavə olaraq minalandı. Ermənistan ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduğunu rəsmən bəyan etsə də, bu il sentyabrın 2-də bu ölkənin baş naziri qondarma "Dağlıq Qarabağ respublikasının" yaradılmasının ildönümü ilə bağlı separatçı rejimin rəhbərlərinə təbrik məktubu göndərdi. Bundan həvəslənən "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanları sentyabrın 9-da qondarma "seçki" keçirdilər, özlərinə yeni başçı seçdilər. Bütün bunlar artıq sonra baş verənləri şərtləndirdi. Sentyabrın 19-da Azərbaycan öz legitim hüququndan istifadə edərək antiterror tədbirləri keçirdi. Bu o deməkdir ki, artıq Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını, ölkələrimizin, nəhayət ki, münasibətlərin normallaşdırılması istiqamətində irəliləmələrini əngəlləyən heç bir səbəb qalmayıb. Lakin hadisələrin gedişi  göstərdi ki, Fransa kimi dövlətlərin timsalında belə əngəllər hələ kifayət qədərdir. Öz müstəmləkəçilik siyasətini XXI əsrdə də davam etdirən Fransa Azərbaycana qarşı hansısa uydurma ittihamlar irəli sürməklə ölkəmizə təsir etməyə çalışır. Lakin bunlar əbəs səylərdir.  Prezident İlham Əliyevin dediyi kimi, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası artıq iki dəfə məhz bunu vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirinin gedişində də, ondan sonra da bütün humanitar normalara əməl olunub. Fransa isə, yaxşı olar ki, 30 il xalqımıza qarşı olmazın vəhşiliklər, vandalizm aktları və qətliamlar törədən erməniləri himayə etməkdənsə, milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduqları üçün məhv etdiyinə görə zamanı çatanda necə cavab verəcəyi barədə  düşünsün".


Etiketlər:  Kamaləddin Qafarov Fransa normallaşma prosesinə zərbə vurur


RƏYLƏR