Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2023 08:45
Mən 2004-cü ildən Ankarada vokal və piano müəllimi olaraq çalışıram. Bəzi qurumların dəvəti ilə arada konsertlərim olur. 2011-ci ildən isə siyasi səbəblərdən dolayı Birləşmiş Millətlər Təşkilatı mənə qaçqın statusu verib.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a Türkiyədə mühacirətdə yaşayan güneyli müğənni Xosrov Əmiri deyib.
Bir ay ərzində ölkədən deport olunması məsələsindən danışan güneyli müğənni bildirib ki, buna səbəb Güney Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdən gec qayıtması olub:
"Türkiyədə yaşayan sığınmacılar öz yaşadıqları şəhərdən başqa şəhərə getmək istəyəndə Köç idarəsindən icazə vərəqəsi almalıdırlar. 30 sentyabrda İzmirdə Güney Azərbaycan Kültür Günləri Festivalına dəvət olunmuşdum. Oktyabrın 4-ə qədər çıxış iznim var idi. Lakin gecikdim və iki-üç gün sonra geri döndüm. Yolda polis tərəfindən avtobusdan düşürüldüm. Mənə gecikmə sənədi verdilər. Noyabrın 4-də isə Köç idarəsi Türkiyədən çıxarılmağımla bağlı sənəd göndərdi. Bir aydan sonra ölkəni tərk etməliyəm. Göndərməmələri ilə bağlı çox xahiş etdim. Bu yaşda qaçqın kimi gəlib, 12 ildir Türkiyədə yaşayıram. 60 yaşım var, xəstəxanaya müraciət edə bilmirəm. İşləmək icazəmiz yoxdur. Bəzi çətinliklərimiz var. Burada yaşayan qaçqınlar Avropadakı kimi deyil, şərtlər çox kəskindir. Türkiyədə 10 milyondan çox qaçqın var. Onların hamısına yardım etmək çətindir. Xahiş etdim ki, maddi cəza kəsilsin, lakin mənə çıxmağımla bağlı qərar verildiyi bildirildi".
Türkiyədən çıxdıqdan sonra hansı ölkəyə göndəriləcəyi ilə bağlı dəqiq məlumatı olmadığını deyən güneyli sənətçi təhlükəsizliyinin də sual altında olduğunu bildirib:
"6 ay bundan öncəyə kimi eyni ilə bu durumda idim. 4 il idi məhkəmələri dolanırdım ki, buradakı statusumu bərpa edim. Bilmirəm, bu, tapşırıqdır, nədir? Niyə mən burada əziyyət çəkirəm? BMT-yə də dəfələrlə müraciət etmişəm ki, məni Türkiyədən başqa ölkəyə göndərin. Sənət baxımından uğur əldə edə bilmədim. Görünür, İranın da təzyiqi var. Öz istəyimlə olsa, çıxıb gedərəm. Amma buna BMT və Köç idarəsi qərar verməlidir. 12 ildir növbədəyəm. İdarədə soruşdum ki, indi hara gedə bilərəm? Bildirdilər ki, İrandan viza tələb olunmayan ölkələrdən birinə... Türkiyədən çıxsam, qaçqın statusumu itirirəm və bir il Türkiyəyə dönə bilməyəcəm. Beləliklə, çöllərdə yaşamalı olacağam. Yaşadığım ölkədə necə olacaq? Məni tuta bilərlər, ya yox, bilmirəm... Elə vəziyyətə gətiriblər ki, gedib ancaq intihar edək. Çıxılmaz bir durumdur".