Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 08:09
Fransanın "Bastion" zirehli transportyorları açıq düzənliklərdə yaxşıdır, lakin Ermənistanın dağlıq şəraitində səmərəsiz olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni hərbi ekspert Ayk Nahapetyan Fransadan Ermənistana göndərilən "Bastion" zirehli texnikası haqda deyib.
Onun sözlərinə görə, "Bastion" ilk növbədə şəxsi heyətin daşınması üçün nəzərdə tutulub və düzənlik ərazidə yüksək sürət və birbaşa görünmə şəraitində hərəkətdə olan düşmən texnikasını vurmaq imkanı kimi üstünlükləri var:
"Ancaq Ermənistan coğrafiyasında - dağlıq-dərəlik ərazilərdə bu texnika düşmənin asan ovuna çevriləcək. Üstəlik, "Bastion" zəif qorunur və istənilən tank əleyhinə silah onu bir neçə kilometr məsafədən məhv edə bilər. Dağ şəraitində tamamilə fərqli silah növləri təsirli olur".
O qeyd edib ki, Fransa zirehli transportyorları yalnız indiki hakimiyyətin tanınmış simalarını İrəvan ətrafında daşımaq üçün yararlıdır, bu, bir neçə yüz polis və təhlükəsizlik işçisini əziyyətdən qurtarmış olar:
"Yəni ciddi desək, Ermənistan üçün bir nömrəli problem zirehli texnikanın olmaması deyil. Bizim üçün ən mühüm vəzifə - hava məkanının qorunmasıdır. Prioritetlərdən danışsaq, düşmənin səmada mütləq üstünlüyü olan 44 günlük müharibəni xatırlatmaq kifayətdir. Bizim əsas vəzifəmiz düşmənin bu üstünlüyünü zərərsizləşdirmək olmalıdır".
Nahapetyan vurğulayıb ki, ölkənin müdafiəsi bir sistemdir və bu sistemin problemləri kompleks şəkildə həll edilməli, bütün elementlər həllini almalıdır:
"Ölkənin səmasının qorunması müdafiənin ən mühüm elementidir. Yaxşı, tutaq ki, bu zirehli maşınlar manevr qabiliyyətini artırır. Onlar nə qədər şəxsi daşıya və hansı döyüş tapşırıqlarını yerinə yetirə bilər? Şəbəkəmərkəzli döyüş idarəetmə sistemlərinin bir hissəsi kimi hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri, kamikadze-dronlar, zərbə, kəşfiyyat PUA-ları... - səmamızın hazırda düşmən nəzarətində olduğunu nəzərə alsaq, bizə məhz bunlar lazımdır".
Onun fikrincə, Rusiya indi düşmən hava qüvvələrini zərərsizləşdirmək üçün dünyada ən yaxşı silahlara malikdir:
"Xüsusilə Rusiya ordusunda xidmətdə olan "Krasuxa" elektron döyüş və "Pantsir-S1" özüyeriyən zenit-raket və silah sistemi mühüm rol oynayır. Əgər 2020-ci ildə "Bayraqdar" müharibədə fərqlilik yarada bilmişdisə, hazırda Ukraynada səmada görünmür - çünki "Krasuxa" və "Pantsir" onu zərərsizləşdirir".
O ki qaldı Azərbaycan XİN-in buna kəskin reaksiyasına, Nahapetyanın fikrincə, bu, təbliğatdır, çünki Bakı da bu transportyorların ciddi olmadığını bilir:
"Azərbaycan özü üçün təbliğat zəmini hazırlayır, belə bir fikir səsləndirirlər ki, Fransa Ermənistanı silahlandırır ki, bizə hücum etsin. Bu qabaqlayıcı zərbə bəhanəsidir.
Həqiqətdə isə Fransa bizi silahlandırmayıb. Hər şey bir neçə zirehli transportyorun göndərilməsi haqqında memorandumun imzalanması ilə məhdudlaşdı. Fransa imitasiya fəaliyyəti ilə məşğuldur. Adətən, döyüşən ölkəyə silah ötürüləndə bunu yüksək səslə söyləmirlər. Bu barədə nə müharibə başlamazdan əvvəl, nə də müharibə zamanı danışmaq adət deyil, çünki bu məlumat hərbi sirləri ehtiva edir. Yəni Fransa Ermənistanı silahlandırmaq niyyətindədirsə, bunu gizli şəkildə etməlidir ki, bu da nə nəzəri, nə də praktiki cəhətdən mümkündür. Çünki bizdə olan nəqliyyat kommunikasiyalarında informasiya sızması qaçılmazdır.
Sizcə, Gürcüstan vasitəsilə silahların çatdırılması asan olacaqmı? Yadda saxlayın ki, 2020-ci ildə Gürcüstan hava və quru sərhədini bağlamışdı".
Qeyd edək ki, Fransa Ermənistana GM-200 müdafiə sistemləri və "Mistral" da tədarük etmək üçün saziş imzalayıb.