Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərqin məşhur alimlərinin əsas elmi işləri -

Şərqin məşhur alimlərinin əsas elmi işləri -

Tarix: 18 Noyabr 2023 07:00

X əsrdə Misirdə Qahirə, İranda Rey və İsfahan rəsədxanaları, Orta Asiyada "Məmun Akademiyası", Bağdadda "Beytül Hükamə" Şərqdə böyük elm mərkəzləri kimi fəaliyyət göstərirdi.
X əsrdəki Qahirə rəsədxanasının banisi və elmi rəhbəri İbn Yunis (1009-cu ildə vəfat etmiş) olmuşdur və onun ümumi rəhbərliyi altında həmin rəsədxanada "Zic Əl-Kəbir" adlı astronomiya kataloqu tərtib edilmişdi. Adı çəkilən astronomiya kataloqu haqqında "Zic Elxani" əsərində Tusi tərifli fikirlər söyləmişdir.

Zəmanəsinin tanınmış alimi Əbdürrəhman ben Ömər Əbdül Hüseyn Əl Sufi (903-986) Rey şəhərindəki rəsədxananı təsis etmişdir. Orada aparılan müşahidə işləri səmərəli olmuş və onların əsasında ulduzlar kataloqu tərtib edilmişdir. Bu kataloq 1874-cü ildə Peterburqda Şellerup tərəfindən "Decreption des etoiles fixes" (Sabit ulduzlar siyahısı) adı ilə nəşr edilmişdir.

Əl Sufi bir çox dəyərli əsərlərin müəllifidir. Rey rəsədxanasında onunla birlikdə, sekstant adlı astronomiya cihazının qurucusu məşhur alim Xocəndi işləmişdir.
X əsrin ikinci yarısında Orta Asiyanın Xorezm dövlətində Xorezmşah II Məmun tərəfindən "Məmun Akademiyası" təsis edilir. Həmin dövrdə Xorezm dövlətinin mədəni və təsərrüfat həyatında böyük yüksəliş yaranır və Urgenc, Kyat kimi böyük şəhərlər təşəkkül tapır. Həmin şəhərlər bütün Orta Asiyada öz zəngin kitabxanaları olan mədəniyyət və elmi mərkəzləri ilə məşhur idilər.

Məmun Akademiyasında Biruni, Əbu Əli ibn Sina, Əbu Nəsr İraqi, Xocəndi, Əbu Səhl Məsihi, Əbul Həsən Həmmar və Biruninin müəllimləri olmuş Həraçi və Həmdaki kimi alimlər fəaliyyət göstərmişdilər.

Əbu Reyhan Mühəmməd ben Əhməd əl-Biruni (973-1048) Kyat şəhərində Əbu Nəsr Mənsur ibn Əhməd ibn İraqinin yanında oxumuş, elə ilk astronomik müşahidələrinə də həmin şəhərdə başlamışdır. Biruni 22 yaşına çatanda doğma Kyat şəhərini tərk edib Qurqana (Curcana) gedir və elə həmin dövrdə də özünün çox məşhur olan "Əl əsrar", "Əl baqiyə", "Qədim xalqların xronolojisi"adlı əsərini yazır. Bu kitabda bir çox xalqların mədəniyyət, incəsənət və ədəbiyyat tarixləri haqqında, onların təqvimləri, adətləri, bayramalrı və s. haqqında çox geniş məlumatlar verilmişdir.

Həmin kitab Biruniyə böyük şöhrət qazandırır və Xorezmşah II Məmun alimi təsis etdiyi Akademiyaya dəvət edir. O, burada yeddi il işləyir.
Məmun Akademiyası, Mahmud Qəznəvi 1017-ci ildə Xorezmi zəbt edənə qədər fəaliyyət göstərmişdi. Mən, H. Məmmədbəylinin "Mühəmməd Nəsirəddin Tusi" əsərindən iki abzasa toxunmaq istəyirəm. "Xorezm işğal olunan kimi Məmun Akademiyasının bəzi alimləri Xorezmdən qaçmağa imkan tapmışdılar. Amma başqaları Biruni ilə birlikdə həbs edilmişdi. Onu islam dini əleyhinə çıxmaqda müqəssir hesab edirdilər. Saray adamlarının vasitəsilə Biruni həbsdən azad edilir və az bir zamanda Mahmud Qəznəvinin sarayında ən sevimli alim olur. Özünün astronomiya əsərlərindən birini o, Mahmud Qəznəvinin oğlunun şərəfinə "Məsud Qanuni" adlandırır. Mahmud Qəznəvi və onun oğlu Biruninin bilik xəzinəsindən çox istifadə edirdilər.

Bir dəfə türk ölkəsinin elçisi Sultan Mahmud Qəznəvinin yanına gəlib, şimal qütbünə yaxın bir uzaq ölkədə gördüklərini söylədi ki, orada Günəş həmişə üfüq üzərində durur, gecə isə heç yoxdur. Sultan buna inanmadı, çünki bu o dövrün etiqadının əksinə gedirdi və bu barədə əbu Reyhanın fikrini soruşdu. Biruni bu hadisəni o qədər aydın və inandırıcı tərzdə izah etdi ki, Sultan ona inandı və elçiyə çoxlu hədiyyələr verdi" (H.C.Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi, Bakı, "Gənclik", 1980, səh. 21-22).

Mahmud Qəznəvi Hindistanın şimalına yürüş edir və Birunini də özü ilə aparır. Qısa müddət ərzində alim sanskrit dilini mükəmməl surətdə öyrənərək, Hindistan xalqlarının elmi nailiyyətləri və adətləri ilə tanış olur. Biruni sanskrit dilini o qdər səlis öyrənir ki, həmin dildə elmi əsərlər yazır, ərəb və fars dillərinə və əksinə, həmin dillərdən sanskrit dilinə tərcümə edir.

Biruni Hindistana gəlməmişdən əvvəl bu ölkədə riyaziyyat və astronomiya elmləri lazımi qədər inkişaf etmişdi. Orada triqonometriya da öyrənilmişdi.
1860-cı ildə ingilis dilinə "Surya-Siddxanta" adlı astronomiyaya dair hind əsəri tərcümə edilir. Bu əsərin tərtib olunma dövrü bizim eranın IV əsrinə təsadüf edilir. Başqa bir "Siddxanta Çiromani" adlı əsər Baskar Akaria tərəfindən XII əsrdə yazılmışdır.

Həmin əsərlərin dəqiq tədqiqi ilə Renaud, Albrext Veber, Morits Kantor və başqaları məşğul olmuşdular. Sonradan məlum olub ki, hindlilərin riyaziyyatla və astronomiya ilə bağlı olan bilikləri yunanlardan keçmişdir.
Alimin Hindistanda olduğu dövr elmi cəhətdən çox səmərəli olur, ona görə ki, onun tərəfindən sanskrit dilinə tərcümə edilmiş Ptolemeyin "Almagest" və Evklidin "Əsaslar" kitabı Hindistanda elmin inkişafında əhəmiyyətli rol oynamışdır.

Biruninin 1030-cu ildə yazdığı "Hindistan" kitabı olduqca qiymətli bir əsərdir və həmin kitabın yarısı (səksən fəsildən qırxı) hindlilərin astronomiya biliklərinə aiddir.
"Hindistan" kitabını Biruni belə adlandırmışdı: "Hindlilərə" mənsub olan əql tərəfindən qəbul və rədd edilən təlimlərin izahı olan kitab". Alimin həmin əsəri haqqında məşhur rus şərqşünası Bartold yazmışdı ki, o öz qəlbində yeganədir və onun bərabəri qədim və orta əsrlərin elmi ədəbiyyatında yoxdur.

Həmin kitab 1887-ci ildə Londonda ərəb dilində və növbəti ildə ingilis dilinə tərcümə edilmişdi.
Biruninin elmi irsi zəngin və rəngarəng olduğundan, onun qələmindən çıxan qiymətli əsərlərinin kiçik siyahısını göstərmək maraqlı olar.

1. Dağın başından görünən üfüqün enməsinin müşahidəsi əsasında yerin ölçülərinin təyin edilməsi.

2. Astronomiya cihazları və onlardan istifadə etmək.

3. Astrolyabiyanın hazırlanmasının müxtəlif yolları.

4. Ulduz xəyallarının proeksiya olunması.

5. Kometalar.

6. Göy hadisələrinin tədqiqi məsələsinə dair.

7. Günəş hərəkətinin yoxlanması səyi.

8. Evklidin işləri barəsində qeydlər.

9. Ptolomeyin astronomiyasına qeydlər.

10. Xorezminin astronomiyaya aid işləri haqqında.

11. Ərəblərin Yerin hərəkəti haqqında nəzəriyyəsinə dair.

Biruni özünün elmi şücaəti sayəsində müsəlman ruhaniləri tərəfindən edilən arasıkəsilməz hücumlarına baxmayaraq, heliosentrik sistemin əsas müdafiəçiləridən biri olmuşdur.
Haqlı olaraq o, geosentrik sistemini astronomiyanın əsası hesab edənlərin və bu sistemin çıxarılması ilə astronomiyanın məhv olması fikrini yürüdənlərin əleyhinə qarşı amansız mübarizə aparırdı. O, deyirdi: "Yerin hərəkətsiz durması təlimi astronomiyanın əsaslarından biridir, bu isə hind astronomlarının ehkamlarından biridir. Bu, astronomiyada böyük çətinliklər törədir".

Biruni göstərir ki, Yerin fırlanması heç də astronomiyanın əhəmiyyətini azaltmır. Doğrudan da, bu qəbildən olan hər cür astronomiya hadisələri həmin müvəffəqiyyətlə bu nəzəriyyə əsasında izah oluna bilər. Adı çəkilən alimin elə elmi ixtiraları var ki, bir neçə əsr keçəndən sonra tanınmış alimlər həmin ixtiraları təkmilləşdirməyə səy göstərmişdilər. Lakin onun elə bir kəşfləri olub ki, həmin elmi işlər mütəxəssislər tərəfindən lazımi qədər diqqət yetirilməmişdir.

Müasir dövrdə Azərbaycanın görkəmli alimi professor R. Hüseynov Biruni haqqında deyir: "Şərq aləmində Yerin fırlanması haqqında XI əsrdə məşhur Orta Asiya alimi Biruni astronomiyanın bir çox sahələrində fəaliyyət göstərməklə yanaşı, onun astronomiya haqqında traktatları - "Qanunlar kitabı" - çıxıbdır, həmin qanunlarda çox qəribə fikir söylənilibdir; Yerin öz oxu ətrafında fırlanması astronomiyanın heç bir müddəalarına zidd deyil".2
Lakin hər iki məşhur alimdən əvvəl Şeyx Məhəmmədəli Babakuhi Bakuvi Kainatın heliosentrik quruluşu haqqında fikri yürütməklə astronomiyada dönüş yaratmağa çalışmışdır. Bu fərziyyə Nikolay Kopernikin bu sahədə kəşfindən 500 il əvvəl yürüdülmüşdü.

Bu fikri Şərqin başqa bir məşhur alimi Nəsirəddin Tusi də söyləmişdir və həmin elmi fikrə alman məxəzlərində rast gəlmək olardı.
Lakin naməlum səbəblərdən həmin elmi araşdırılma sona çatdırılmamışdı. Deməli, Yerin tərpənən olduğunu məşhur Polşa alimi Nikolay Kopernikdən (1473-1543) əvvəl Şərq astronomları söyləmişdilər. Nikolay Kopernikin vəfat etdiyi ildə, 1543-cü ildə "Göy sferalarının dolanmaları haqqında" əsəri çapdan çıxmışdır. Bu əsərində Kopernik hər şeydən əvvəl özünün heliosentrik sistemini şərh etmişdi. Bu sistemə əsasən dünaynın mərkəzində tərpənməz Yer deyil, öz oxu ətrafında fırlanan Günəş yerıləşir. Yer başqa planetlər kimi həm Günəşin ətrafında, həm də öz oxu ətrafında fırlanır.

Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsi
Biruni "Astrolaybiyanın hazırlanmasının müxtəlif yolları", "Astronomiyada açar", "Yer fırlanır, ya fırlanmır?", "Hindistan", "Ərəblərin Yerin hərəkəti nəzəriyyəsi haqqında" əsərlərində heliosentrik sistemin ideyalarını müdafiə edir.

Alim astronomiya müşahidələri ilə dərindən məşğul olmaq üçün, 995-ci ildə diametri 7,5 metr olan divar kvandrantını hazırlamış və qurmuşdu.
Həmin cihaz vasitəsilə təyin edilən kəmiyyətlərdən biri ekliptikanın mailliyinin qiymətini əldə etməsidir. O, iki dəfə (995-996-cı və 1020-ci illərdə) ekliptikanın mailliyinin qiymətini təyin etməklə məşğul olmuş və bu müşahidələrin nəticəsində alim ekliptikanın mailliyi üçün 230 35/ 45// və 230 35/ 50// qiymətlərini almışdı. H. Məmmədbəyli bu haqda belə yazır:

"Günəş apogeyinin uzunluq koordinatını təyin etmək üçün Biruni yeni metod vermişdir. Biruni tərəfindən riyazi kartoqrafiya və coğrafiya sahəsində diqqətəlayiq əsərlər yazılmışdır. Yerin kürə şəklində olmasını iddia etmək, bəzi müəlliflərin göstərdiyi kimi heç də Biruninin elmi xidməti deyildir. Biruninin bu sahədə əsas xidməti Yerin ölçülərini təyin etmək üçün yeni bir üsul verməsidir" (H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, "Gənclik", 1980. səh.25-26).

Həmin metodun mahiyyətini açıqlamaq üçün Biruni belə izah edirdi:

"Yer meridianı qövsünü ölçmək üçün mən yunan alimlərinin, hindlilərin və Məmun astronomlarının metodlarından fərqli olan bir metod vermişəm. Bu məqsədlə mən Hindistanda düzənliklər üzərində yüksələn hündür bir dağ tapdım. Həmin dağın təpəsindən mən Yer ilə Göyün birləşməsini, yəni, üfüq dairəsini cihazda (astrolyabiyada) tapdım ki, bu da şərq-qərb xətti istiqamətində idi. Bucağı təyin etdim ki, 34 idi. Mən dağın 652,05 dirsək təyin etmişdim".

Alimin hesablamalarına əsasən yerin radiusu 12851369 dirsəyə, Yerin mühiti 80780039 dirsəyə, Yer mühitinin bir dərəcəlik qövsü isə 50,2 ərəb milinə bərabərdir.
Nallino və Şöy dirsəyin 0,493 metrə və ərəb milinin isə 4000 x 0,493 m = 1972 metr olduğunu təyin etmişlər.
Biruni bir dərəcəlik meridian qövsünün uzunluğunu 111,6 km. (müasir qiyməti 111,1 km.) təyin etmişdir.
Mütəxəsisslər bildirirlər ki, Biruni coğrafi uzunluğu təyin etmək üçün öz dövrünün texniki səviyyəsinə uyğun olan bir metod işlətməklə riyazi coğrafiyaya böyük hədiyyə vermişdir.

Doğrudur, bu metod nəzəri cəhətdən tamamilə düzgündür, amma müşahidə xətalarının çox olması üzündən o dövrdə yaxşı nəticə verə bilmirdi.
İş ondadır ki, Biruni nəinki nəzəri olaraq coğrafi uzunluqlar fərqini tapmaq yolunu vermişdi, o, eyni zamanda Bağdad ilə Şirazın, Qurqanın, Qəznənin coğrafi uzunluqlar fərdini təyin edə bilmişdi. Biruni bir çox şəhərlərin coğrafi uzunluq və enliklərinin cədvəlini tərtib etmişdi. Qeyd etmək lazımdır ki, başlanğıc meridian üçün o, özündən əvvəl təyin edilmiş meridianı qəbul etmişdir. Tacik alimi H. U. Sadıqov Biruninin xidmətlərini qiymətləndirərək yazırdı: "Şərqin böyük alim astronomlarından biri olan Biruni astronomiya elminin bir çox sahələrində nəhəng işlər görmüşdü".

Astronomiya sahəsinin qədim elm olduğunu inkar etmək olmaz. İş ondadır ki, astronomiya erkən orta əsrdə Şərqdə geniş yayılmış və onun incəliklərinin araşdırılıb üzə çıxarılmasında, müsəlman astronomları böyük səy göstərmişdilər. Yuxarıda göstərilibdir ki, həmin elm Azərbaycanda hələ Babakuhi Bakuvinin dövründə öyrənilib tədqiq edilmişdir. Hətta astronomiya Azərbaycanın şimal hissəsi sayılan Şirvanda daha tez inkişaf etmişdi. Buna sübut olaraq professor Eybali Mehrəliyevin ifadələrini göstərmək vacib olardı.

Riyaziyyat və nücum elminin inkişaf tarixinə dair əsərlərdə Şirvanda astronomiya elmi mərkəzinin olmasını və burada öz dövrü üçün yüksək səviyyəli tədqiqatlar aparılması barədə sistemli olmasa da, tez-tez ədəbiyyatda rast gəlmək olur. Buna inam ona görə ümidvercidir ki, Şirvan hələ IX-X əsrdən Xarəzmlə əlaqədə idi...

Astronom və şair Fələki Şirvani Kafiəddin nəslinin haqqında danışarkən onun ailə üzvlərinin yüksək vətəndaşlıq qayəsindən və bütün nəsil içərisində Vəhidəddin Şirvaninin (1100-1159 - R. D.) nücum və üsturlab sahəsində əvəzedilməz şəxs olmasından danışır (E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, "Çaşıoğlu", 2000. səh. 52-53).
Əbu Əli ibn Sina (980-1037) Məmun Akademiyası təşkil edildikdə oraya dəvət edilmişdi.

Ümumiyyətlə, ibn Sina 29 fənn üzrə ən azı 450 kitab və elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür. İbn Sina o vaxt olan bütün elmləri tədqiq etmişdir.
Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya, psixologiya, metafizika - bunlar hamısı İbn Sina vasitəsilə yenidən işıq üzü gördülər. İbn Sina mexanika ilə də maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xassə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi.
Onun astronomiya və riyaziyyat sahəsində yazmış olduğu əsərlərinin ümdəsi bunlardır.

1. Ekvatorun xüsusiyyətləri haqqında.

2. Biruninin on sualına cavablar.

3. Biruninin on altı sualına cavablar.

4. Yerin və Göyün surətləri haqqında.

5. Göy cisimləri və onların hərəkətləri haqqında.

6. İsfahanda müşahidə üçün hazırlanmış astronomiya cihazları haqqında.

7. Göy, ulduzlar və meteorlar haqqında.

İbn-Sina tibb elminin bütün sahələrinə dərindən nüfuz etmiş və elmi yeniliklər etmiş alimdir. O, hər bir doğulanın bir gün öləcəyini yaxşı bilirdi.
Rübailərinin birində yazmışdı ki, "mən dünyanın yerdən tutmuş səma cisimlərinədək sirrlərini açmağa nail olsam da ölüm düyününü aça bilmədim". Məmun Akademiyasında çalışan alimlərdən biri də Orta Asiya alimi Biruninin müəllimi olmuş Hamis ben Əl Xəzər Əbu Mahmud Əl Xocəndidir. O, bir neçə elmi risalənin müəllifidir və astronomiya tarixində ən önəmlisi üsturlabın tətbiqi haqqında risalədir.

Xocəndi Tehranın yaxınlığındakı Rey şəhərinin rəsədxanasında çalışmışdır. O, diametri 80 dirsəyə (40m.) bərabər olan seksant (süds) adlanan cihazı icad etmiş və həmin cihaz vasitəsilə bucaqları 1 "dəqiqliyi ilə ölçmək mümkün idi. Bunun vasitəsilə Xocəndi eklipikanın mailliyini 230 32/ 21// qədərində, 2/ 01" dəqiqliyi ilə təyin etmişdi.
Xocəndi həmin müşahidələri haqqında belə yazır: "384-cü hicri ilində yaxud Yezdicürd erasının 363-cü ilində, özüm kəşf etmiş olduğum və süds fəxri adlanmış cihaz vasitəsilə biz Rey şəhərində müşahidələr apardıq. O diametri 80 dirsəyə bərabər dairə qövsündən ibarətdir. Mən onu Rey, Həmədan və İsfahanın hökmdarı olan Fəxriddövlənini şərəfinə "Süds fəxri" adlandırıram".

Daha sonra o, yazır: "Xoşbəxt müşahidələr və qayğıkeş dəqiq hesablamaların bizi gətirib çıxardığı nəicələr bunlardır. Bu cihazla başqaları arasındakı fərq burasındadır ki, onların vasitəsilə ekliptikanın mailliyi dərəcə və dəqiqlikləri ilə ölçülürdü, biz isə dərəcə, dəqiqə və saniyələrlə ölçü aparırıq və beləliklə biz bir addım irəli atmış olduq". Bu onu sübut edir ki, ekliptikanın mailliyinin dəyişən kəmiy-yət olduğunu ilk dəfə Xocəndi qeyd etmişdir. Hindlilər mailliyin artıq dəqiq qiymətini tapmışdılar (240).

Xocəndi qeyd edir: "Ptolemey onu 230 51/", "İmtahan Zici"nin müəllifi (Həbəşül Hasid) 230 35/, mən isə 230 32/ 21// təyin etmişdim.
Kənar qiymətlər arasındakı fərq, yəni, hindlilərin və mənim aldığım qiymət arasindakı fərq yarım dərəcəyə çatır. Bu fərqin səbəbi cihazlar xətası ola bilməz. Bu halda biz gərək bir dəfə böyük, bir dəfə isə kiçik qiymət almalı idik və o həmişə bir istiqamətdə dəyişə bilməzdi.

Məmun Akademiyasının qabaqcıl alimlərindən biri Biruninin müəllimi olmuş Əbu Nəsr ibn İraqi (- 1035 ölüb) Məmun Akademiyası bərbad edilən vaxta qədər uzun müddət Xorezmdə yaşamış, ondan sonra elmi fəaliyyətini Mahmud Qəznəvinin sarayında davam etmişdir. O, astronomiya və riyaziyyat sahəsində bir çox əhəmiyyətli əsərlər yazmışdır.

Alimin astronomiya üzrə ən mühüm əsrləri bunlardır.

1. "Süni yolla astrolyabiyanın qurulması".

2. "Evklidin XIII kitabının çətin yerləri barəsində".

3. "Şah Zici".

4. "Dəqiqələr cədvəli".

Məmun Akademiyasında Əbu Əli ibn Sinanın müəllimi Əbu Səhl İsa ben Məsihi Qurqani də çalışmışdır. Astronomiyaya və təbabətə dair bir neçə elmi əsər yazan alim Mahmud Qəznəvinin qoşunlarının təqibindən səhrada gizlənərkən ölmüşdür.

Ömər ibn İbrahim Əl Xəyyam Qiyasəddin, Əbül Fəthi (1048-1123) 1074-cü ildə dostu Nizamülmülk Cəlaləddin Məlik şah Səlcuqinin sarayına dəvət etmişdi. Məlik şah İsfahan şəhərinə özünə paytaxt seçdikdən sonra orada rəsədxana təsis etmişdir.

Qarşıya astronomiya təqviminin islahatını həyata keçirməkdən ötrü rəsədxananın baş astronomu Ömər Xəyyam, astronomları isə Əbu Müzəffər Sfaranı və Məmun ben Əl Nəcəb əl Vəsiti təyin edilmişdi.
Fransız alimi Vopkenin sayəsində qərb alimləri Xəyyamı yalnız bir şair deyil, bəlkə də böyük alim kimi tanımağa başladılar. Xəyyamın başçılığı ilə İsfahan rəsədxanasında "Zic Məlik Şahı" adlı astronomiya kataloqu tərtib edilmişdi. Həmin Zicin bir nüsxəsi Paris Milli kitabxanasında saxlanılır (əlyazma №5669). Kataloqda 100 ulduzun koordinatları verilmişdir.


Etiketlər:  Şərqin məşhur alimlərinin əsas elmi işləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ