Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəlbəcər dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək – Millət vəkili

Kəlbəcər dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək – Millət vəkili

Tarix: 24 Noyabr 2023 22:45

"Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin üç ili tamam olur. Bu tarix, həm də "Kəlbəcər Şəhəri Günü" kimi qeyd ediləcək. İşğal altında olmuş ərazilərimizin azad olunma günlərinin xüsusi təqvimlə qeyd edilməsi çox təqdirəlayiqdir. Bu, möhtəşəm Zəfərimizin əbədiləşdirilməsi baxımından çox mühümdür".

Milli.Az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonunun işğal olunmuş ərazisi qan tökülmədən Azərbaycana təhvil verilib: "Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub.

Millət vəkilinin sözlərinə görə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilər buranı tərk edərkən rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövləti Kəlbəcər rayonunun da bərpası istiqamətində mühüm işlər görür: "Prezident İlham Əliyev işğaldan azad edildikdən sonra Kəlbəcərə ilk səfəri zamanı Dövlət Bayrağını ucaldıb, eləcə də bir sıra təməllər atıb, görülən işlərlə tanış olub. Ötən il iyunun 26-da Kəlbəcərə növbəti səfəri zamanı isə dövlətimizin başçısı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır".

"Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. "Kəlbəcərin füsunkar təbiəti onun böyük turizm potensialına da malik olduğunu göstərir. Hazırda bu istiqamətdə də sürətli işlər gedir. İnanırıq ki, qısa müddət ərzində Kəlbəcər turizm baxımından dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək"-deyə millət vəkili vurğulayıb.

Milli.Az


Etiketlər:  Kəlbəcər dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək Millət vəkili


RƏYLƏR