Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 08:12
Ən geci 20 il sonra ölkə əhalisinin sayı azalmağa başlayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.
O bildirib ki, elmi analizlər müasir Azərbaycan ailəsinin nəzəriyyəsini və praktikasını izah edir:
"Söhbət ailədən, övladlardan, ailə münasibətlərin keyfiyyətindən gedəndə, prosesə sistem məsələsi olaraq baxmalıyıq, halbuki çoxumuz bir bucaqdan baxırıq. Bu sistemə məktəb, mənəvi və dini dəyərlər, ailədə verilən tərbiyə, ailənin yaşadığı dəyərlər, əmək bazarı, müxtəlif təbliğat vasitələri aiddir. Sistem də bir bütov olaraq klassik azərbaycanlı ailə modelini dağıdıb".
Ekspert bildirib ki, ailənin bir sütünu kişidirsə, ondan daha vacib sütunu qadındır:
"Problem ordadır ki, ailə institutun özünə köhnə paradiqmadan baxırıq (Kişinin sədrliyi ətrafında birləşmiş qadın və uşaqları da əhatə edən ittifaq). Köhnə paradiqma həmçinin kişinin evə qazanc gətirdiyi, qadının da ondan müəyyən dərəcədə maddi asılılığını nəzərdə tutur. Lakin bu paradiqma ölkəmizdə artıq işləmir. Bu pradiqmaya bu gün şüuraltı olaraq qadınlar da inanır. Bu hipotezin sübutu ondan ibarətdir ki, özü qazanan qadın həm evlənməyə tələsmir ("kişi mənim nəyimə lazımdır" deyir), həm də ailə qurduqdan sonra əri evə qazanc gətirə bilmədiyi halda ərinin tabeçiliyini qəbul etməyib, boşanmaya müraciət edir.
Fakt budur ki, 20-30 yaşları arasında olan gənclər də mənim dediyim paradiqmaya inanır. Onlara görə, ailə qurulanda oğlan tərəfi ailənin dolanışığını təmin edir, qadının maddi rifahını qarşılayır. Məsələ də burda yaranır - qadının bu maddiyyata ehtiyacı olmadığı halda, avtomatik olaraq ailə onlar üçün vacibliyini itirir.
Bu günün Azərbaycan qadını maddi baxımdan kişilərdən geri qalmır. İş tapmaqda bəzən kişilərdən daha avantajlı olurlar: xaricə təkbaşına gedə, avtomobil sürə, ipoteka ilə ev ala bilirlər. Ata evində də rahatdırlar və əksəriyyəti ərə getməklə xilas olmaq kimi bir seçim qarşısında deyil.
Bu baxımdan, köhnə paradiqmaya əsasən qadınlar niyə evlənmək istəsin, ya da niyə evlilikdə qalmaq istəsin?
İndi başa düşə bilərsiniz ki, niyə boşanmağa müraciət edənlərin 85% qadınlardır".
F.Mehdiyev mövcud vəziyyətə təsir göstərməyin iki yolunu göstərib:
"Birincisi çətin, hətta mümkün olmayandır: köhnə paradiqmanı ayaqda tutan ictimai dəyər və təcrübəni qorumaq! Bacara bilmərik, qadınlar ümumiyyətlə buna qarşı çıxacaq. Gender təlimlərindən çıxmış müasir Azərbaycan xanımı artıq kişinin dominantlığını qəbul edənə oxşamır. "Kişinin ailədə öz yeri var, qadının öz yeri" ifadəsi artıq nəinki aktual deyil, hətta seksist, narsist, narkoman bir ifadə kimi götürülür.
İkinci yol isə ailə institunu izah edən yeni paradiqmanın yeridilməsidir. Bu paradiqmanın yeridilməsi vəziyyətə bir az müsbət təsir edə bilər - yeni qanuni tənzimləmələrlə bir yerdə.
Bu gün üçün ailə institutu bizə adət-ənənə kimi deyil, şəxsi münasibətlərin davamının yeni bir mərhələsi kimi qəbul edilməlidir. Bu paradiqmada ailə qurmağa tələsməyəcəyik, ailə qurmaqdan əvvəl şəxsi münasibətlərin təcrübəsini əldə edəcəyik, mentalitet-filan məsələlərini kənara qoyacağıq. Təntənəli toylar unudulmalı, ailədə münasibətlər iqtisadi zəmindən çıxaraq sırf övlad yetişdirmə və cinsi ehtiyacın qarşılanması marağı üzərində qurulmalıdır.
Ailədəki gözləntilər iqtisadi zəmindən çıxmalıdır: yəni kişi ailəni saxlayan olmaqdan çıxmalı, bu yük onun çiyinlərindən götürülməlidir və bu öhdəlik kişi və qadın tərəfindən bərabər şəkildə paylanmalıdır.
Aliment öhdəliyi ata və ana tərəfindən birlikdə qarşılanmalıdır.
Uşağın tərbiyə olunmasında ata və ananın bərabər rolları təmin olunmalıdır (indi bu rol, xüsusilə, boşanmadan sonra qadında olur).
Nikahda birgə əmlak rejimi default olaraq qanunla ləğv edilməlidir; paylı əmlak da ər-arvadın qazancı nisbətində müəyyən olunmalıdır.
Bu, günün reallığının tələbləridir.
Buna qarşı qoya biləcəyiniz ən güclü paradiqma isə ancaq dini olan ailə institutu paradiqmasıdır. Dindar insanlar öz övladlarını klassik ailə modeli ilə tərbiyə və təlim edə bilərlər.
Sekulyar ailələr isə istəsələr də, istəməsələr də, yuxarıda qeyd etdiyimiz tərzdə davranmağa məcbur qalacaqlar.
Həmçinin qanunvericiliyə dəyişikliklər olunmalıdır. Bu dəyişiklik ailə institutu barəsində olan gözləntiləri dəyişdirmək üçün lazımdır.
İndiki gedişatla isə vəziyyətin getdikçə pisləşəcəyini bildirməyə məcburam".