Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 06:00
Ənəs ibn Malik demişdir: "Bizə Peyğəmbərdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər hansı bir şey haqqında (heç bir zərurət olmadan yersiz) sual vermək qadağan edilmişdir. Odur ki, bədəvilərdən ağıllı bir adamın gəlib qulağımız eşidə-eşidə Peyğəmbərə sual verməsi bizə xoş gəlirdi. Bir dəfə bir bədəvi gəlib dedi: "Ey Muhəmməd! Göndərdiyin adam yanımıza gəldi və söylədi ki, guya sən, Allahın səni insanlara elçi göndərdiyini deyirsən?" Peyğəmbər: "O, doğru söyləmişdir"- dedi. Adam soruşdu:
- Göyü yaradan kimdir?
- Allahdır!
- Yeri yaradan kimdir?
- Allahdır!
- Bu dağları dikəldən və onların üstündə yaratdıqlarını yaradan kimdir?
- Allahdır!
- Səni and verirəm göyü və yeri yaradan, dağları dikəldən Allaha, de görüm, doğrudanmı Allah səni peyğəmbər göndərib?
- Bəli!
- Göndərdiyin adam gecə və gündüz beş vaxt namaz qılmağın bizə vacib buyurulduğunu söylədi.
- Doğru söyləmişdir.
- Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allahmı əmr edib?
- Bəli!
- Göndərdiyin adam malımızdan zəkat verməyin bizə vacib buyurulduğunu söylədi.
- Doğru söyləmişdir.
- Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allahmı əmr edib?
- Bəli!
- Göndərdiyin adam hər gələn ilimizdə Ramazan ayını oruc tutmağın bizə vacib buyurulduğunu söylədi.
- Doğru söyləmişdir.
- Səni and verirəm səni elçi göndərən Allaha, de görüm, bunu sənə Allahmı əmr edib?
- Bəli!
- Göndərdiyin adam bizlərdən imkanı olan kimsəyə Allahın Evini ziyarət etməyin vacib buyurulduğunu söylədi.
- Doğru söyləmişdir.
Ənəs ibn Malik dedi: "Sonra o adam: "Səni haqq ilə göndərən Allaha and olsun ki, mən buna heç nə artırmayacağam və bundan heç nə əskiltməyəcəyəm"- dedi və dönüb getdi. Peyğəmbər buyurdu: "Əgər doğru deyirsə, mütləq Cənnətə girəcəkdir". (Səhih Muslim).