Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saxta iş elanları: insanlar bu cür aldadılır

Saxta iş elanları: insanlar bu cür aldadılır

Tarix: 14 Dekabr 2023 10:44

Son günlərdə ictimai nəqliyyat, avtobus dayanacaqları, insanların sıx olduğu yerlər, əsasən də sosial şəbəkələrdə verilən iş elanlarından şikayətlərin sayı artır.

Bununla bağlı Axar.az-a danışan zərərçəkənlərdən biri, Bakı şəhər sakini Elman Zeynalov bildirib ki, bir müddət öncə sosial şəbəkədə gördüyü iş elanı ilə maraqlanıb.

"Elanda yazılmışdı ki, iş qrafiki sərbəst, əmək haqqı isə yüksəkdir. Əlaqə saxladığım zaman dedilər ki, ofisə gəlməliyəm və mənimlə müqavilə bağlamalıdırlar. Müqavilə üçün isə 20 manat məbləğində ödəniş istədilər. Vurğuladılar ki, müqavilə bağlamadan iş yerinə yönləndirə bilməzlər. Məbləği verdim, müqavilə imzaladım, sonra mənə bildirdilər ki, əlaqə saxlayıb, digər məlumatları verəcəklər. Artıq bir neçə gündür ki, xəbər yoxdur və həmin şəxslərlə əlaqə saxlamaq mümkün deyil", - o qeyd edib.

Zeynalovun sözlərinə görə, onunla bərabər həmin ofisdə bir çox insan olub:

"Onlar da ödəniş edib müqaviləyə qol çəkirdilər".

Bəs belə məqamda hüquqları pozulmuş vətəndaş hansı addımlar atmalıdır?

Məsələ ilə bağlı hüquqşünas Anar Qasımlı bildirib ki, vətəndaşlar bu kimi elanlara həssas yanaşmalıdırlar:

"Onlardan hansısa bir məbləğ tələb olunursa, anlamalıdırlar ki, burada niyyət başqadır. Bu kimi hallarda dərhal hüquq-mühafizə orqanlarına bildirməlidirlər. Zərər çəkmiş şəxslər şikayət edə, eyni zamanda, mülki qaydada məhkəmədə iddia qaldıra bilərlər. Vətəndaş əvvəlcədən müraciət etdiyi işi və şirkəti araşdırmalıdır. Ən əsası isə müqavilə imzalayan zaman onu sonadək diqqətlə oxumaq, şərtlərlə tanış olmaq vacibdir".

Milli.Az


Etiketlər:  Saxta elanları insanlar bu cür aldadılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ