Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 09:00
Niderland Bolqarıstanın Şengen zonasına daxil olması ilə bağlı etirazını geri götürüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Erik van der Burq bildirib.
Əvvəllər Niderland Bolqarıstanın müəyyən edilmiş meyarlara cavab vermədiyini əsas gətirərək, kifayət qədər uzun müddət ərzində Bolqarıstanın Şengenə qəbulunu əngəlləyib. Xüsusilə sərhəd nəzarətinin düzgün aparılması, korrupsiyaya qarşı mübarizə və konstitusiya normalarının demokratik prinsiplərə uyğunluğu müzakirə edilib.
"Biz müəyyən etdik ki, Bolqarıstan bütün zəruri konstitusiya islahatlarını həyata keçirib. Bunun əsasında belə nəticəyə gəlmək olar ki, Bolqarıstan Şengenə qoşulmaq üçün bütün tələblərə cavab verir", - van der Burq vurğulayıb.
"Eyni zamanda, Bolqarıstanın xarici sərhədlərini gücləndirmək üçün fəaliyyətini davam etdirməsi son dərəcə vacib olaraq qalır", - deyə o əlavə edib.
Avropa Komissiyasının son hesabatında Bolqarıstanın Şengen zonasına daxil olması üçün heç bir maneənin olmadığı bildirilir.