Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 12:24
2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin seçki qərargahının mümkün həmsədrlərinin kimlər ola biləcəyi məlum olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Putinin seçki qərargahına "Donetsk Xalq Respublikası"nın "parlamentinin spikeri" Artyom Joqa, aktyor Vladimir Maşkov və Moskva xəstəxanalarından birinin baş həkimi Mariyana Lısenko həmsədrlik edə bilər.
Məlumata görə, hər 3 şəxs Vladimir Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs qrupuna daxildir.
Rusiyanın Prezident Administrasiyasına yaxın olan mənbənin "Kommersant"a verdiyi məlumata görə, qərargahın həmsədrlərinin məşhur və cəmiyyətin müxtəlif qruplarını təmsil edən şəxslər olması barədə qərar verilib. Bununla belə, Artyom Joqa, Vladimir Maşkov və Mariyana Lısenkonun hakim "Vahid Rusiya" partiyası ilə birbaşa əlaqəli olduğu qeyd olunub.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-si keçiriləcək. Rusiyanın Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, seçkilər üç gün - 15, 16 və 17 martda baş tutacaq. Putin dekabrın 8-i Kremldə Rusiya qəhrəmanlarının mükafatlandırılması ilə bağlı keçirilən tədbir zamanı prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. Belə ki, tədbir zamanı "Donetsk Xalq Respublikası"nın "parlamentinin spikeri" Artyom Joqa Putinə müraciət edərək ondan seçkilərdə namizədliyini irəli sürməsini xahiş edib. Putinin isə Joqanın xahişi ilə razılaşdığı qeyd olunub.