Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 02:30
Uca Allahın sevib razı qaldığı bütün söz və əməllər ibadətdir. Uca Allah insanları yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (əz-Zəriyət, 56).
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir: "Bir dəfə mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) miniyinin tərkində yol gedərkən, o dedi: "Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı və qulların da Allah üzərindəki haqqı nədir?" Mən: "Allah və Onun rəsulu daha yaxşı bilir!" - dedim. O buyurdu: "Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Qulların Allah üzərindəki haqqı isə, Ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir". (Səhih əl-Buxari, 2856).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Bir dəfə mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Allahın dərgahında ən böyük günah hansıdır?" O buyurdu: "Səni yaradan Allaha başqa birisini tay tutmağındır!" (Səhih əl-Buxari, 4477).
Bu ayə və hədislərdən məlum olur ki, yalnız Uca Allah ibadət haqqına malikdir və Ondan qeyrisinə ibadət etmək ən böyük günahdır.
Uca Allah ibadəti yalnız bu iki şərtlə qəbul edir:
1. İbadəti yalnız Uca Allah üçün etmək. Uca Allah buyurur: "De: "Mən dinimi məhz Allaha məxsus edərək, yalnız Ona ibadət edirəm". (əz-Zumər, 14).
2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə yerinə yetirmək. Uca Allah yalnız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoluna uyğun olan əməlləri qəbul edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bizim dinimizə onda olmayan bir şeyi əlavə edərsə, o rədd olunar". Yəni, həmin əməl qəbul olunmayacaq.
İbadətin bir çox növləri vardır. Bunlardan:
Dua. Uca Allah buyurur: "Dini məhz Allaha aid sayıb, Ona dua edin!" (Ğafir, 14).
"Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki, o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər" (əl-Əhqaf, 5-6).
Kim Uca Allahdan başqasına dua edərək ondan yalnız Allahın qadir olduğu bir şeyi istəyərsə, Allaha şərik qoşmuş olar. Sevgi, qorxu və ümid bəsləmə də ibadətin növlərindəndir və bunlar ibadətin sütunlarıdır. Təvəkkül də ibadətin bir növüdür. Bu, xeyir qazanmaq və ya zərəri dəf etmək üçün Allahın buyurduğu və izn verdiyi səbəblərdən tutaraq hər bir işi ürəkdən Uca Allaha həvalə etmək, Ona arxayın olmaq və Ona inanmaq deməkdir. Uca Allah buyurur: "Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Məidə, 23). Həmçinin, O buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər". (ət-Talaq, 3).
Sığınmaq isə xoşa gəlməyən bir şeydən qorunmaq üçün Allahdan himayə və sığınacaq istəməyə deyilir. Uca Allah buyurur: "De: Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən". (əl-Fələq, 1-2).
O həmçinin buyurur: "De: Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən". (ən-Nəs, 1-2).
Qurban kəsmək isə Uca Allaha yaxınlaşmaq məqsədilə xüsusi bir qaydada heyvanı kəsib qanını axıtmağa deyilir. Uca Allah buyurur: "De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (əl-Ənam, 162).
O həmçinin buyurur: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kovsər, 2).
Nəzir insanın hər hansı bir işi görməyi və ya vacib olmayan xeyirxah bir əməli yerinə yetirməyi özünə vacib etməsidir. Uca Allah buyurur: "Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar". (əl-İnsən, 7).
Bütün ibadətlər yalnız Uca Allaha yönəlməli və Ondan qeyrisinə aid edilməməlidir. Həmçinin, ibadət üç qismə bölünür:
Birinci qism - qəlbə aid olan ibadətlərdir ki, buna sevgi, qorxu, ümid bəsləmək, təvəkkül etmək və s. aiddir.
İkinci qism - dilə aid olan ibadətlərdir ki, buna həmd etmək, "lə ilahə illəllah", "subhanallah" demək, bağışlanma diləmək, Quran oxumaq, dua etmək və s. aiddir.
Üçüncü qism - bədən üzvləri ilə olunan ibadətlərdir ki, buna da namaz, oruc, zəkat, həcc, sədəqə, cihad və s. aiddir.