Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2023 12:21
Sonxeber.net Azərbaycan qəzetinə istinadən Milli Məclisin deputatı - Sevil Mikayılovanın yazısını təqdim edir
Bu gün Müzəffər Ali Baş Komandanın, Azərbaycan torpaqlarını işğaldan azad edən, milli qürurunu xalqa qaytaran Liderin ad günüdür. Prezident İlham Əliyev tariximizin Qalib Dövlət salnaməsinin müəllifidir.
Müasir Azərbaycanın qazandığı uğurlar, qələbələr, zəfərlər Prezident İlham Əliyevin ali dövlət xidmətinin tarixi nailiyyətləridir.
Prezident İlham Əliyevin şəxsi nüfuzu ölkəmizin bütün beynəlxalq arenalarda mövqeyini daha da möhkəmləndirib, Azərbaycanın milli maraqlarının müdafiə olunmasını mümkün edib.
Əminliklə söyləmək olar ki, Azərbaycan dövləti heç zaman olmadığı qədər güclüdür. Qazanılmış qələbə həm də ötən dövrdə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Prezident xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmiz hər sahədə sürətli inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb.
Ali Baş Komandanın qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşına başlayan Azərbaycan Ordusu dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın azadlığı tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. 2023-cü ildə isə keçirilən lokal antiterror əməliyyatları ilə Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi, suverenliyi tam bərpa edildi.
Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərbdə, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal aktora çevirib.
Azərbaycan beynəlxalq təşkilatlara, hərəkatlara uğurlu sədrlik etmək modelini formalaşdırıb. Qoşulmama Hərəkatının sədri, BMT TŞ-nin qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq məsələlərin həllinə ciddi töhfə verib. Xüsusilə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan təşkilatın nüfuzunun, təsir gücünün artırılmasında birbaşa rol oynayıb. Bakı və digər şəhərlərimiz beynəlxalq tədbirlərin dəyişilməz ünvanı kimi çıxış edir. Dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti isbatı isə COP29-un gələn il Azərbaycanda keçirilməsi qərarı oldu. COP29 ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbirdir, 70-80 min xarici qonağın ölkəmizə səfər etməsi gözlənilir, tədbirin keçiriləcəyi 2 həftə ərzində Azərbaycan dünyanın diqqət mərkəzində olacaq.
Ölkəmizin siyasi arenalarda qazandığı qələbələr iqtisadi sahələrdə də əldə olunan uğurlarla vəhdət təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Ermənistan tərəfindən viran qoyulmuş ərazilərin abadlaşdırılması və aparılan nəhəng prosesin sürəti beynəlxalq ictimaiyyətdə heyranlıq doğurur. Bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də Azərbaycan dünya üçün bir model ortaya qoyur.
Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb. Prezident İlham Əliyev hər zaman bildirir ki, ölkəmizin uğurlarının əsasında məhz sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır.
Son 20 ilin makroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salsaq, ÜDM 3,6 dəfə, adambaşına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Bundan əlavə, adambaşına düşən büdcə xərcləri 150 manatdan 3500 manata qalxıb, xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47 dəfə artıb. Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə qoyulub, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib.
Təbii sərvətlərin ölkə iqtisadiyyatının dirçəldilməsində və inkişafında rolu əvəzsizdir. Hazırda dayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet xəttini təşkil edir. Son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub, sənaye parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilərək ölkədə müxtəlif çeşidli qeyri-neft məhsullarının istehsalının artmasına töhfə verilib. Bu illər ərzində ölkədə 2 milyondan çox iş yeri yaratmaqla işsizlik 50 faizdən 5 faizə, yoxsulluq isə 49 faizdən 5,5 faizə endirilib. Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, pensiya üzrə ödənilən illik vəsait isə 30 dəfə artaraq 6 milyard manata çatdırılıb.
İlham Əliyevin mükəmməl siyasəti nəticəsində Azərbaycan xalqı zəfər yolu ilə inamla addımlayır və bu yolda dövlətimiz saysız-hesabsız zirvələr fəth edəcək. Xalqımızın xoşbəxt gələcəyini öz həyat amalına çevirmiş Liderimizə daha böyük qələbələr arzulayırıq!