Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə üçün Quran bütün məqsədlərini söz qəlibində bəyan etməmişdir?

Nə üçün Quran bütün məqsədlərini söz qəlibində bəyan etməmişdir?

Tarix: 29 Dekabr 2023 01:00

Quranın batininə və dərinliklərinə varmaq üçün Allah-təalanın məqsədlərindən çoxunu Quranın söz və zahirində axtarırıq. Bu, bir sıra çətinliklər yaradır, mənaların səhv başa düşülməsinə və şəxsi rəylərin Quran adından təqdim edilməsinə səbəb olur.

Görəsən nə üçün Qurani-kərim özünün bütün ali məqsədlərini sözlərlə ifadə etməyib ki, anlaşılması daha asan olsun və yalnış yozumların qarşısı alınsın?

Əllamə Təbətəbai bu suala belə cavab verir:

1 - İnsan bu dünya həyatında bütün daxili və xarici hissləri ilə maddiyatla əlaqədədir. Hətta düşüncəsi belə hissi məlumatlarına əsaslanır: yemək, içmək, oturmaq, durmaq, danışmaq, dinləmək və s. Bütün həyat fəaliyyətləri maddə ətrafında baş verir.

Mənəvi dərk və təsəvvürlərin bir hissəsi də maddəçiliyə giriftar olmuş insan üçün yalnız maddi nümunələrin müqayisəsi və tətbiqi yolu ilə mümkün olur. Belə bir insan üçün qələbənin şirinliyi qəndin şirinliyi, dostluğun cazibəsi maqnitin cazibəsi, məqamın böyüklüyü ilə müqayisə və təsəvvür olunur.

Həmçinin, mənəviyyatın dərk və tanınması bütün insanlar üçün eyni cür gerçəkləşmir. İnsan dünyaya hər nə qədər bağlı olsa, onun mənəviyyat haqda mərifəti də bir o qədər məhdud olacaq, əksinə dünyaya rəğbəti azaldıqca mənəvi düşüncələri dərinləşəcək.

2 - Həyat, düşüncə və anlayışları maddi qəliblərdə və bu dünyaya hakim olan ölçülərlə formalaşmış insanın öz dərk və düşüncəsindən çox-çox ali olan maarifi qəbul etməsi qeyri-mümkündür. Bu mərifətin belə insanlara yüklənməsi nəinki onların inkişafına səbəb olmaz, hətta onlar üçün zərərli ola bilər.

3 - Quran bütün insanlara eyni dərəcədə xitab edir və heç bir sinif, qrup, irq və cinsin, dini və mənəvi maarifdən bəhrələnməkdə heç bir xüsusi üstünlüyü və imtiyazı yoxdur. Quran açıq surətdə bəyan edir:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ

عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm və Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur).

Həqiqətən, sizin Allah yanında ən hörmətliniz sizin ən pəhrizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır" ("Hucurat" surəsi, ayə 13).

Nəticə olaraq bunu demək olar ki, bu üç müqəddiməyə diqqət etsək aydın olar ki, ali, vəhyani maarifin insanlara ötürülməsi və təliminin ən münasib yolu onun bütün insanların başa düşəcəyi ən adi, sadə dildə çatdırılmasıdır.

İslamın Məkkədə zühur etməsinin səbəbi

İslamın Məkkədə zühur etməsinin bir neçə səbəbi vardır ki, aşağıda ona işarə edirik:

1 - Məkkə "Ummul-Qura"dır, yəni ilk abadlaşan yerdir. Bu özü bir fəzilətdir. Buna görə də ən kamil din orada zühur etməli və dünyaya tanınmalı idi.

2 - Məkkə o dövrün qüdrətli dövlətlərinin nəzərindən uzaq idi. Bu, İslamın yaranması və yayılması üçün ən yaxşı fürsət və məkan idi. Çünki o zamanın böyük imperatorları üçün Ərəbistan yarımadasına - quraq və qeyri-münbit əraziyə pul sərf edərək orada hökumət təşkil etmək faydasız bir iş idi. Bu, onların mənfəətinə uyğun deyildi.

3 - Bu, aləmlərin Rəbbi olan Allahın istəyi idi ki, ən ibtidai yerdə və ən ibtidai vasitələrlə dünyaya ən kamil dəvəti gətirsin.

4 - Səhradakı həyat şəhər həyatının nöqsan, bəla və çatışmazlıqlarından uzaqdır. Səhra insan fitrətinə daha yaxındır. Səhra, yəni yerlə göyün qovuşduğu yer.

Burada fəza o qədər açıqdır ki, insanı təfəkkürə vadar edir. Buna görə də peyğəmbərlərin (ə) çoxu bu məntəqədə peyğəmbərliyə yetişiblər. Çünki, burada pak fitrətlə Allaha yaxın olmaq üçün yaxşı şərait var.

5 - Aydındır ki, əgər Məkkə və Kəbə ilk quruyan və "Ummul-Qura" adlanan məkandırsa, demək ilk dil də Məkkə əhlinin və Ərəbistan xalqının dili olub. Buna görə də bəşərin ilk, əsl dili ərəb dilidir.

Digər dillər isə ondan qaynaqlanmış və ərəb dilindən ayrılmışdır. Əgər Ərəbistan ilk məkandırsa, bəşər mədəniyyəti də Adəm və Həvvanın yerə enməsilə Məkkədə başlayıbsa deməli, bütün əsl dillər oraya qayıdır.


Etiketlər:  üçün Quran bütün məqsədlərini söz qəlibində bəyan etməmişdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ