Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 22:16
Maliyyə Nazirliyi 2024-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən "Vətəndaşın büdcə bələdçisi"ni hazırlayaraq internet səhifəsində yerləşdirib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.
Vətəndaşların ixtiyarına verilən bələdçidə 2024-cü ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illər nazirliyin həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir.
Hazırlanmış bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.