Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 15:32
Azərbaycan coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional logistika, tranzit mərkəzi kimi seçilir.
Tarixi İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Ölkəmiz enerji və ticarət yollarının kəsişməsində yerləşməsi, inkişaf etmiş infrastrukturu ilə nəqliyyat habına çevrilib. Qədim İpək Yolunun bərpası istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub", "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir. Bütün bunlar ölkəmizin strateji mövqeyə malik olduğundan xəbər verir.
"Report" Azərbaycanın son 1 ildə nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurlara, ölkəmizin tranzit imkanlarının genişlənməsi istiqamətində atılan addımlara nəzər salır.
Son illər ölkəmizdə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib.
Azərbaycanın yaratdığı müasir infrastruktur regionun yeni nəqliyyat xəritəsini formalaşdırır
Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edən yeganə ölkədir. Ölkəmiz bu nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir, avtomobil yolları və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb.
Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. Qeyd edək ki, Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisinə ay yarımdan sonra başlanacaq və Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.
Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında təməli qoyulan "Şimal-Cənub" dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunursa, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddət iki dəfə azaldılacaq.
İranın Prezident Administrasiyasının rəhbərinin müavini Məhəmməd Cəmşidi də açıqlamalarında qeyd edib ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin gətirəcəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq.
Onun sözlərinə görə, dəhlizin illik gəliri 20 milyard ABŞ dollara çatacaq. Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlərin fikrincə, ölkəmiz tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard ABŞ dolları qazanacaq.
Hesablamalara görə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq. Bu isə Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək.
Daha bir mühüm layihə uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhlizdir (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ki, bu da Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu dəhlizin əhəmiyyətini artıran məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta Dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Çinin "Bir kəmər, bir yol" layihəsinin bir parçası kimi Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu səbəbdən dəhlizə Çinin də marağı olduqca yüksəkdir. Çünki Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.
2023-cü ilin ilk 9 ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) çərçivəsində yükdaşımaların həcmi 88 % artaraq 2 milyon tona çatıb. 2022-ci ilin analoji dövründə bu rəqəm 1,1 milyon ton olub. 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb.
Qeyd olunur ki, dəhliz mövcud marşrutlara ciddi alternativə çevrilib. Onun ümumi ötürücülük qabiliyyəti ildə 5,8 milyon ton yük təşkil edir.
2022-ci ildə konteyner daşımaları 33 000 iyirmi fut ekvivalentli (TEU) konteyner olmuşdusa, Orta Dəhlizin hazırkı tutumu 80 000 TEU konteynerdir.
Qazaxıstanın strateji hədəfi 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaqdır. Bu səyləri asanlaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər "dar keçidləri" aradan qaldırmaq və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə yol xəritələri imzalayıb.
44 günlük Vətən müharibəsində əldə olunan qələbə tək xalqın sevinci, ölkəmizin siyasi arenada artan nüfuzunu daha da möhkəmləndirməklə qalmadı, eyni zamanda yeni iqtisadi reallıqlar da yaratdı. Bu reallıqlardan biri də Zəngəzur dəhlizidir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq, Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək.
İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir. Horadiz-Ağbənd dəmir yolunun inşasının bu il yekunlaşdırılması nəzərdə tutulub.
Zəngəzur dəhlizinin açılmasına bəzi dövlətlər maneələr yaratmaq istəsələr də Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında maraqlıdır. Üstəlik, bir sıra Avropa ölkələri də bu dəhlizin üstünlüklərini görür, dəstəkləyir. Yaradılan əngəllərə cavabı növbəti ən qətiyyətli addımı ilə verən Azərbaycan 2022-ci ilin martında İranla Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzaladı.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Artıq Azərbaycan Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək bu yolun yaradılması ilə bağlı böyük işlər həyata keçirilir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolu xətti üzrə layihələndirmə işlərinə başlanılıb. Bu məsələ İranla müzakirə edilir. Həmçinin Qars-Naxçıvan dəmir yolunun inşası planı da müzakirə edilir ki, bunu Orta Dəhlizin yeni bir qolunun yaranması kimi də qiymətləndirə bilərik.
Azərbaycan dəniz nəqliyyatın inkişafında yeni mərhələyə qədəm qoyub
Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür.
Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması vacib məsələlərdən biridir.
Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 50-dən çox gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro və 2 Ro-Pax tipli gəmi vardır. İxtisaslaşdırılmış donanma isə 200-dən çox gəmidən ibarətdir.
Azərbaycanda Xəzər dənizi ilə yükdaşımaların sürətləndirilməsi və yüklərin həcminin artırılması məqsədilə gəmilər mütəmadi təmir edilir, donanmamız yeni gəmilərlə təchiz olunur.
Nəticədə 2023-cü ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə 1 milyard 777 milyon 416 min ABŞ dolları dəyərində 2 milyon 425 min 280 ton yük daşınıb və bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 38,5 % və 2,5 dəfə çoxdur.
Həmçinin ötən ilin 11 ayında dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 74 min 139 ton (33,9 % artım), dəyəri 168 milyon 456 min ABŞ dolları (2,8 dəfə çox), idxal olunan yüklərin həcmi 2 milyon 351 min 141 ton (2,6 dəfə çox), dəyəri isə 1 milyard 608 milyon 959 min ABŞ dolları (35,7 % artım) təşkil edib.
Dünyada baş verən proseslər səbəbindən Beynəlxalq Dəniz Ticarət Limanının rolu artıb. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan Bakı limanı açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. "Bir kəmər, bir yol" meqalayihənin əsas qollarından olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək. Bakı limanı üzərindən artan yük həcmlərinin qəbulu və ötürülməsi prosesini daha rahat həyata keçirmək üçün ikinci fazanın tikintisi ilə bağlı işlər görülür. Nəticədə Bakı limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.
Mütəmadi olaraq inkişaf etdirilən, təkmilləşdirilən Bakı limanında 2023-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyon 735 min tondan çox yük aşırılıb.
Qeyd olunub ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 %-dən çox artım deməkdir.
2023-cü il üzrə ümumi yükaşırma proqnozunun isə rekord həddə, 7 milyon tondan çox olacağı gözlənilir. Ötən il ərzində Bakı Limanında xüsusi ilə təkərli texnika və neft və neft məhsullarının aşırılmasında artım qeydə alınıb.
Avtomobil nəqliyyatı ilə yüklərin sürətli daşınması üçün əlverişli şərait yaradılır
Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər.
Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr davam etdirilib. Yüklərin sürətli daşınması üçün yollar yenidən qurulması ilə yanaşı "icazə" blanklarının verilməsi asanlaşdırılır, elektron tərəzilərin sayı artırılır, gömrük-keçid məntəqələrində əlverişli şərait yaradılır.
Bütün bunların nəticəsidir ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 4 milyon 927 min 664 ton yük daşınıb və bu da 2022-ci ilin müvafiq dövrünə nisbətən 10 % artım deməkdir. Daşınan yüklərin dəyəri isə 18 %-lik artımla 11 milyard 669 min ABŞ dolları təşkil edib. Həmçinin keçən ilin 11 ayında avtomobil nəqliyyatı ilə ixracın dəyəri 1 milyard 643 milyon 258 min ABŞ dolları (2,7 % artım), həcmi 1 milyon 837 min 121 ton (7 % artım), idxalın dəyəri 9 milyard 357 milyon 411 min ABŞ dolları (21 % artım), həcmi 3 milyon 90 min 543 (11,5 % artım) ton təşkil edib.
Hazırda İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilir.
2020-ci ilin il noyabr ayının 16-da təməli qoyulmuş "Zəfər yolu" başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Strateji əhəmiyyəti ilə seçilən digər bir layihə, Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə bağlı işlər davam edir. Bu yolun ümumi uzunluğu 124 kilometrdir və 4-6 zolaqdan ibarətdir. Başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürən və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun da tikintisinin icrasına başlanılmışdır. Layihələndirilən yolun uzunluğu 43 kilometrdir.
Azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.
Bundan əlavə, uzunluğu 29 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpası həyata keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə yekunlaşdırılan yol infrastrukturu layihələrindən biri 44,5 kilometrlik Bərdə-Ağdam, 12,3 kilometrlik Füzuli-Hadrut, 22 kilometrlik Talış-Tap Qaraqoyunlu-Qaşaltı (Naftalan şəhəri) avtomobil yollarıdır.
Planlaşdırılan layihələr sırasında Azərbaycanda yük avtonəqliyyat parklarının (TIR parkları) yaradılmasını da qeyd etmək olar. TIR parklarının yaradılması ilə bağlı ən azı 3 nümunəvi layihə hazırlanacaq. TIR parklarından istifadənin genişləndirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ediləcək. Bu istiqamətdə M-1 (Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi), M-2 (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi), M-3 (Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi), M-4 (Bakı-Şamaxı-Yevlax), M-5 (Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi), M-6 (Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi) avtomobil yolları üzərində konseptual araşdırma aparılacaq.
Bu işlərin görülməsi Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm bir addımdır.
Azərbaycanda dəmir yolunun inkişafı ölkəni beynəlxalq dəhlizlərin mühüm iştirakçısına çevirib
Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrdən biri də dəmir yollarıdır. Azərbaycan nəqliyyat sektorunun digər növlərinə olduğu kimi dəmir yolunun inkişafına da xüsusi diqqət yetirir, bu istiqamətdə beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu buna bir nümunədir. Artıq 6 ildən çox müddətdir istifadəyə verilən, "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat Dəhlizinin, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi kimi BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun əhəmiyyəti indi də artmaqdadır.
Hazırda BTQ dəmir yolu xəttinin buraxılış gücünün artırılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Bununla bağlı dəmir yolunun Gürcüstan ərazisində genişləndirilmə işləri aparılır.
BTQ-nin yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bu ilin sonunadək həmçinin Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 kilometr uzunluqda əsas dəmir yolu xəttinin yenidən qurulması, o cümlədən tikinti konstruksiyalarının və dəmiryolu keçidlərinin tikintisi və quraşdırılması, həmçinin "Şimal-Cənub" dəmir yolu dəhlizinin Yalamadan Astaraya qədər olan hissəsinin yenilənməsi nəzərdə tutulur. Hazırda Bakı-Yalama dəmir yolu və daha geniş mənada Azərbaycandan keçməklə Cənubi Asiya və Rusiya arasında yükdaşımaların artması qeyd olunur. Hesab edilir ki, bu istiqamətdə dəmir yolu yükdaşımaları Xəzər dənizi və ya Süveyş kanalı vasitəsilə tranzitdən daha asan başa gələcək.
Görülən işlərin nəticəsi olaraq 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə dəmir yolu nəqliyyatı ilə dəyəri 3 milyard 246 milyon 481 min ABŞ dolları (11 % çox) olan 7 milyon 250 min 440 ton həcmində (5 % çox) yük daşınıb.
Həmçinin ötən ilin 11 ayında dəmir yolu nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 2 milyon 984 min 8 ton (15 % çox), dəyəri 1 milyard 77 milyon 532 min ABŞ dolları (0,1 % az), idxal olunan yüklərin həcmi 4 milyon 266 min 432 ton (7 % çox), dəyəri 2 milyard 268 milyon 949 min ABŞ dolları (7,5 % çox) təşkil edib.
Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı vasitəsilə yük dövriyyəsində kəskin artım müşahidə olunub. Ötən ilin yanvar-noyabr aylarında Çinlə idxal daşımalarda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 549 %, ixrac daşımalarda isə 331 % artım qeydə alınıb.
Həyata keçirilən layihələr hesabına 2024-cü ildə də Azərbaycanın tranzit daşımalarında rolunun, ölkəmizdən keçən yüklərin həcminin artacağı gözlənilir.
Bakı hava limanı yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionda liderdir
Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində respublikada 9 aeroport tikilib və ya yenidən qurulub. Hazırda Azərbaycanda səkkiz beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli, Zəngilan) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur. Azad olunmuş ərazilərdə daha bir beynəlxalq olmaqla Laçın aeroportun istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edilməlidir ki, Azərbaycanda yükdaşımalarda hava nəqliyyatının da payı var. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur.
Hazırda sərnişinlərin Bakıdan 38 aviaşirkət vasitəsilə Yunanıstan, İsveçrə, İspaniya, Avstriya və digər yeni istiqamətlər daxil olmaqla dünyanın 68 şəhərinə səyahət etmək imkanı var. Ötən il Bakı hava limanına uçuşlar həyata keçirən aviadaşıyıcıların sırasına "WizzAir Malta", "IndiGo", "Georgian Wings" və "Aegean Airlines" əlavə olunub. Beləliklə, sərnişinlərə "China Southern", "AirBaltic", "Flyadeal", "Air Cairo" və "Iraqi Airways" kimi aviaşirkətlər ilə yenilənmiş tərəfdaşlıqlar, həmçinin "WizzAir", "WizzAir Abu Dhabi" və LOT ilə artan tezliklər daxil olmaqla, yeni və unikal istiqamətlər təklif edilib.