Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 21:06
Prezident İlham Əliyevin 10 yanvarda yerli telekanallara müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü "güzgü prinsipi"nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Rəsmi Bakı delimitasiya ilə bağlı üç variant irəli sürür:
Birincisi, siyasi metodologiyaya əsaslanır;
Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür.
İkincisi, xronologiyaya əsaslanır;
Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur.
1926-cı ildən 1929-cu ilə qədər Azərbaycanın Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirib. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə "bağışlanıb". Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib.
1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin Kilit kəndinin əkin və otlaq sahələri daxildir.
1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə bağışlanıb.
1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib.
Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq ermənilərə bağışlanan əraziləri tələb edir.
Üçüncüsü, xəritə məsələsi gündəmdən çıxarılır;
Əliyev bildirdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı - sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan, Prezidentin də dediyi kimi, 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməyəcək.