Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin parlayan 4 ulduzu - Üçü 18 yaşında...

Türkiyənin parlayan 4 ulduzu - Üçü 18 yaşında...

Tarix: 17 Yanvar 2024 06:36

Son illərdə Türkiyə idmançıları dünyada adından söz etdirə bilir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, artıq gənc idmançıların bir neçəsi dünya klublarının ulduzlarına çevrilir. 

Xüsusən, futbol və basketbolda önəmli liqalarda mübarizə aparan oyunçular haqqında tez-tez paylaşımlara rast gəlirik. 

Ötən il "Fənərbaxça"dan ayrılaraq Madrid "Real"ına keçən 18 yaşlı futbolçu Arda Güler hazırda Avropanın da, dünyanın da diqqət mərkəzindədir. Düzdür, o,  İspaniya təmsilçisi ilə anlaşdıqdan sonra çox oynamaq şansı qazanmayıb, daha çox zədələri ilə gündəmə gəlib. Amma istərsə "Real"ın baş məşqçisi Karlo Ançelotti, istərsə də, digər məşqçilər Arda haqqında yüksək fikirdədirlər. 18 yaşlı yarımmüdafiəçinin böyük potensialının gələcəkdə möhtəşəm karyera qurmasına imkan verəcəyini proqnozlaşdıranlar da az deyil. 

Türkiyəni futbolda tanıdan digər sima isə "Yuventus"un gələcək ulduzu sayılan Kənan Yıldızdır. 18 yaşlı forvard hazırda İtaliyada ən çox müzakirə olunan adlardan biridir. Son matçlarda daha çox oynamaq şansı qazanan K.Yıldız artıq qolları ilə də diqqət çəkir. Onun vurduğu qollar bir-birindən baxımlı alınır. İtaliya Kubokunda turinlilərin "Salernitana"ya qarşı matçda vurduğu mükəmməl qol isə bu ölkədə ayın qollarına namizəd sayılır. 

Bu yaxınlarda İngiltərənin "Brentford" klubuna keçən Yunus Emre Konak da Avropa futbolunun gələcək ulduzları siyahısındadır. "Sivasspor" klubunda mükəmməl çıxışı ilə diqqət çəkən 18 yaşlı oyunçu Premyer Liqa təmsilçisinə keçməklə gələcəyə doğru addım atıb. Yarımmüdafiəçinin dünyanın ən güclü çempionatlarından birində parlaq karyera quracağına ümidlər böyükdür. 

Basketbolda isə Türkiyə üçün dünya ulduzlarından biri parlamağa başlayıb. Milli Basketbol Assosiasiyasında (NBA) hazırda ən çox müzakirə olunan oyunçu Alperen Şengündür. "Hyuston Rokets"in liderlərindən sayılan 21 yaşlı oyunçu haqqında NBA-nın məşhur basketbolçuları da xoş sözlər söyləməyə davam edir. Dünya basketbolunun əfsanələrindən olan Lebron Ceyms Şengün haqqında bunları deyib: "Alperen Şengün hər keçən matçda daha rahat oynayır. Onun oyun oxumaq bacarığı üst səviyyədədir. Çox dəyərli basketbolçudur. Möhtəşəm ötürmələri xüsusən qeyd edilə bilər". 

Milli.Az


Etiketlər:  Türkiyənin parlayan 4 ulduzu Üçü 18 yaşında


RƏYLƏR