Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 16:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin başa çatacağını deyən dövlətimizin başçısı Hərəkat çərçivəsində Syerra-Leoneyə üzv ölkə olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev ölkəmizin Hərəkata sədrliyinin başa çatmasından sonrakı dövrdə də bu təşkilat çərçivəsində Azərbaycan ilə Syerra-Leonenin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu dedi.
Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında təmasların artırılmasının vacibliyinə toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.
Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiliyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğuladı ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Dövlətimizin başçısı onu da əlavə etdi ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.
Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlətimizin başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyini vurğuladı.