Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeysəriyyə əməliyyatlarının qorxulu nəticələri

Qeysəriyyə əməliyyatlarının qorxulu nəticələri

Tarix: 21 Yanvar 2024 18:24

"Çanaq orqanlarının iltihabi xəstəlikləri infeksiyaları uşaqlıq yolundan və uşaqlıq boynundan uşaqlıq boşluğuna fallop boruları ilə keçməsi nəticəsində yaranır. Belə infeksiyalara cinsi yolla ötürülən qonoreya, xlamidiya, trixomoniaz, eləcə də mikoplazma genitalium aid edilir. Həmçinin, belə iltihabi prosesləri bağırsaq çöpləri, streptokoklar, qardinella, peptostreptokokus və s. kimi infeksiyalar yarada bilər".

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova danışıb. 

Onun sözlərinə görə, doğuşdan, xüsusən də cərrahi doğuşdan (qeysəriyyə) uşaqlıqdaxili vasitələrdən istifadə, histerektomiya, histerosalpinqoqrafiya kimi cərrahi əməliyyatlardan sonra kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalı daha da yüksək olur:

"Uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır. Endometriozun olduğu təqdirdə, belin və qarının aşağı hissəsındə ağrılar yarana bilər. Bundan başqa, xəstələri irinli ifrazat, sidik ifrazının tez-tez və ağrılı olması narahat edə bilir. Ağır hallarda irinli intoksikasiya əlamətləri, yəni ümumi zəiflik, taxikardiya, əzələ ağrıları, ağızda quruluq, dispepsiya kimi simptomlarının da yaranma ehtimalı var. Çanaq dibinin irinli iltihabi xəstəlikləri cinsi əlaqənin ağrılı olması ilə də özünü büruzə verə bilər.

Uşaqlıq yolundan gələn axıntının miqdarı və tərkibi müəyyən edilir. Ehtiyac olunduğu təqdirdə, yaxmada cinsi yolla keçən infeksiyaların polimer zəncirvari üsulu ilə təyini, həmçinin yaxmanın əkilməsi ilə materiallar götürülür. Eyni zamanda, xəstələr bimanual müayinə olunurlar. Bu zaman uşaqlıq və onun artımlarının vəziyyəti qiymətləndirilir. Xəstələrə qanın və sidiyin ümumi analizi, qanda C-reaktiv zülalın miqdarı təyin edilir, transvaginal ultrasəs müayinələr aparılır.

Ağırlaşmış hallarda isə rentgen, sistoskopiya, kolonoskopiya, laporoskopiya kimi diaqnostik müayinələr də təyin edilə bilər".

Həkim bildirib ki, xəstəlik yüngül formadadırsa, müalicə ambulator şəraitdə aparıla bilər:

"Bu zaman xəstə nəzarətə alınır və ona antibakterial, iltihabəleyhinə, immun sistemini gücləndirən dərmanlar təyin edilir. Əgər cinsi yolla ötürülən infeksiyalar varsa, uyğun antibiotik seçilir və pasientə mümkün qədər cinsi əlaqədən uzaq durmaq məsləhət görülür. Eyni qaydada partnyor da müvafiq müalicə proqramına cəlb edilir.

Aparılan müalicədən 3 həftə sonra təkrar olaraq infeksiyaların müayinəsi üçün laborator analizlər aparılır. Əgər cütlükdə müayinə zamanı heç bir problem aşkarlanmırsa, hər ikisi tam sağalmış hesab olunur. Lakin xəstəlik ağırlaşmış olarsa, o zaman stasionar müalicə planı təyin olunmalıdır.

Stasionar müalicə planı da effektsiz olarsa, artıq cərrahi əməliyyat icra oluna bilər. Bu zaman artımların iltihaba uğramış tubovarial törəmələrin xaric edilməsi əməliyyatı icra olunur, qarın boşluğu drena edilir və xəstə bir müddət stasionar şəkildə müalicə alır.

Bunun üçün reproduktiv yaş dövründə olan qadınlar arasında maarifləndirmə işlərinin geniş şəkildə aparılması vacibdir. Uşaqlıq yolundan axıntı, xoşagəlməz qoxu, sidik ifrazının tezləşməsi, qarında ağrı və s. kimi əlamətlər olduqda, tez bir zamanda ginekoloqa müraciət edib vaxtında müalicə almaq məsləhət görülür.

Aşkar edilən xəstəliklərin müalicəsinin vaxtlı-vaxtında və düzgün qaydada aparılması üçün müalicə periodu və dərman təyinatı həkimin nəzarəti altında olmalıdır".

Milli.Az


Etiketlər:  Qeysəriyyə əməliyyatlarının qorxulu nəticələri


RƏYLƏR