Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadından üzr istəmək: “Bizim kişilərdə bu bacarıq yoxdur”

Qadından üzr istəmək: “Bizim kişilərdə bu bacarıq yoxdur”

Tarix: 24 Yanvar 2024 21:12

Cəmiyyətimizdə kişilərin böyük əksəriyyəti üzr istəməyi bacarmır. Çünki bu hal onların şəxsiyyətinə toxunur. Hətta bəziləri düşünür ki, kimdənsə, xüsusilə də arvadından üzr istəsə, bu, onun mənliyini alçaldacaq

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu da verilişlərin birində həmin mövzuya toxunaraq qeyd etmişdi ki, evin kişisi olduğu üçün üzr istəmir və əvəzində arvadına qızıl hədiyyə edir, bununla da xanımı onu əfv edir.

Sonxeber.net xəbər verir ki, sözügedən mövzunu "Yeni Sabah"a açıqlamasında psixoloq Gülnar Orucova şərh edib:

"Üzr istəmək həmişə böyüklük əlaməti sayılır. Bu mövzuda kişi, ya da qadın fərqi yoxdur. Hər iki cinsin nümayəndəsi üzr istəməyi bacarmalıdır. Ancaq bizim cəmiyyətdə uşağı, xüsusilə də oğlanları elə yetişdirirlər ki, üzr istəmək alçalmaq deməkdir. Ona görə də bizim kişilərdə bu bacarıq yoxdur. O cəhətdən bizim kişilər kimdənsə üzrxahlıq diləyəndə qürurları tapdanır və sanırlar ki, şəxsiyyətləri alçalır. Təbii ki, həmin cəhətlər insana və ailəyə görə dəyişə bilir".

Ekspert vurğulayır ki, bəzi qadınlar üçün maddiyyat ön plandadır, buna görə də ərlərinin bütün səhvlərini hədiyyə qarşılığında görməməzliyə vururlar:

"Kiminsə ailə işlərinə qarışmaq ixtiyarımız yoxdur. Bir kişi arvadını nəyə alışdırırsa, belə də davam edir. Ancaq bu, hər qadına xas olan xüsusiyyət deyil. Elə qadın var ki, hər hansısa hədiyyəyə görə kişinin səhv hərəkətini bağışlamır və ayrılıb gedir. Lakin bəzi xanımlar bütün səhvləri üzr istəmədən belə əfv etməyi bacarır və daim ərinin yanında olur. Bütün bunlar insanın ailədə aldığı tərbiyəyə, özünə qarşı olan inamına və özünü qiymətləndirməsinə görə müəyyənləşir. Yəni bəzi insanlar üçün maddiyyat hər şeydir. Ona görə də özünə qarşı hər hansı bir səhvi bahalı hədiyyələr qarşılığında bağışlayar".


Etiketlər:  Qadından üzr istəmək Bizim kişilərdə bacarıq yoxdur


RƏYLƏR