Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 18:14
Bütün təhlükələrə qarşı Türkiyə öz gücü ilə həmişə Azərbaycanın yanında olacaq.
Sonxeber.net xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyə Altınbaş Universitetinin müəllimi və Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Dr. Eray Güçlüer deyib.
"Avropa İttifaqı bütün orqan, qurum və təşkilatları ilə Azərbaycandan qisas almaq istəyir. Ermənistanın tərəfində olan Avropa İttifaqı, Azərbaycanın Qarabağı azad etməsini qəbul edə bilmir. Bu səbəbdən də sərsəm bəhanələr uydurmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək niyyətindədirlər. Avropanın imperialist anlayışında erməni diasporu ilə əməkdaşlıqda Ermənistanı hər zaman dəstəkləyən və Ermənistanın işğalçı siyasətinə təkan verən bir anlayış var. Lakin onlar sonda Azərbaycan dövlətinin böyüklüyünü, qüdrətini dərk etməli olacaqlar. Azərbaycan regionda sabitliyin elementi olduğundan imperialist siyasətin qarşısını da alır. Üstəlik, ABŞ və qərb imperialist dövlətlərinin Qafqazda sabitliyi pozmaq cəhdlərini də neytrallaşdırır",- deyə o bildirib.
Eray Güçlüer vurğulayıb ki, Avropa Parlamentinin bu ədalətsiz, qanunsuz və məkrli davranışını qətiyyətlə pisləyirəm. Heç bir məcburiyyət, heç bir təzyiq Azərbaycanın haqq işindən əl çəkməsinə səbəb ola bilməz.
"Bundan sonra Avropa İttifaqı qurumları tərəfindən Azərbaycana qarşı bəzi ədalətsiz və əxlaqsız hərəkətlər ola bilər. Çünki imperialist güclər həmişə Ermənistanı dəstəkləmək istəyəcəklər. Lakin Azərbaycan heç vaxt tək deyil. Türkiyə bütün gücü ilə hər zaman Azərbaycanın yanındadır. Biz Avropa İttifaqının bu hərəkətlərini pisləyirik və bütün dünyaya bəyan edirik ki, onları heç bir şəkildə qəbul etməyəcəyik",- deyə o əlavə edib.
Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.