Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın ''Fuji Optical'' şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib (FOTO)

Yaponiyanın ''Fuji Optical'' şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib (FOTO)

Tarix: 6 May 2019 15:51

Bakı. Trend:

Bakıda Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, BMT və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri, nümayəndənin səlahiyyətlərini müvəqqəti icra edən Oktavian Mohorea "Fuji Optical" şirkətinin 15 ildir xeyirxah missiya həyata keçirdiyini və 31 mindən çox qaçqın, məcburi köçkün, aztəminatlı ailənin bu aksiyadan yararlandığını deyib. O, humanitar aksiyanın bu həftədən etibarən yenidən başlayacağını və Bakı ilə yanaşı, regionlarda da həyata keçiriləcəyini diqqətə çatdırıb.

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu xeyirxah təşəbbüsə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Gündoğar ölkənin özəl şirkətinin 2005-ci ildən ölkəmizdə xeyirxah missiyalar həyata keçirdiyini deyən Əli Həsənov təxminən 59 min yüksəkkeyfiyyətli eynəyin paylanıldığını qeyd edib. O, şirkətin rəhbəri Akio Kanainin 2006-cı ildə "Nansen Qaçqın Mükafatı" ilə təltif olunduğunu xatırladıb.

Baş nazirin müavini Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O, dövlətimizin başçısının bu əlaqələrin genişlənməsinə diqqət göstərdiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Fuji Optical" şirkətinin Azərbaycanda həyata keçirdiyi humanitar missiyalara 2,8 milyon dollardan çox vəsait xərcləndiyini deyib. Əlavə edib ki, 1992-ci ildən etibarən BMT QAK Azərbaycana humanitar yardımlar edir. Humanitar yardımlar davamlı inkişaf məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin salındığını deyib. O, Azərbaycanın çətin günlərində ona yardım edən hər bir ölkə və təşkilata, o cümlədən Yaponiyanın "Fuji Optical" şirkətinə minnətdarlığını bildirib.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tereyuki Katori humanitar missiyanın 15 illiyinin qeyd edilməsinin qürurverici olduğunu deyib. Səfir Yaponiyanın Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib.

"Fuji Optical" şirkətinin rəhbəri Akio Kanai yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, səhhəti imkan verdikcə bu aksiyanı davam etdirəcəyini deyib. A.Kanai missiyanın ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaponiyanın Fuji Optical şirkətinin Azərbaycana humanitar yardım missiyalarının illiyi qeyd edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ