Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Quranda Məhərrəm ayında, Aşurada toy etməməklə bağlı qadağa yoxdur”

“Quranda Məhərrəm ayında, Aşurada toy etməməklə bağlı qadağa yoxdur”

Tarix: 5 Fevral 2024 18:42

Müqəddəs Ramazan ayının gəlməsinə sayılı günlər qalıb. Həmin tarix yaxınlaşdıqca, hər kəsi bir sual maraqlandırır. Görəsən, bu ay toy, nişan, şadlıq etmək günahdır? Sözügedən məsələ, demək olar ki, hər il Ramazan ayı ərəfəsində gündəmə gətirilir. Cəmiyyətdə isə bu barədə iki cür düşüncə var. Bir qisim bu işdə qəbahət görməsə də, bəziləri bunun günah olduğunu düşünür. 

Məsələni araşdırarkən məlum oldu ki, bu ayda iki sevən insanın bir-birinə qovuşmasını qeyd etməkdə heç bir qəbahət yoxdur, din bunu qadağan etmir. 

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli "Yeni Sabah"a danışaraq bəzi məqamlara aydınlıq gətirib: 

"Təbiidir ki, hər il Ramazan ayı gələndə toy edəcək olan şəxslər bu məsələni gündəmə gətirirlər. İslam dini tarixində peyğəmbərimizin olduğu dövrdən bəri, hər hansı bir gün barədə toy və şənliklə bağlı qadağa yoxdur. Bu gözəl, xeyirli bir iş hər bir gəncin haqqıdır. Müəyyən günlər var ki, Aşurada, Məhərrəm ayında və s. insanlarımız əxlaqi cəhətdən şənlənməyə çəkinsələr də, bunun nə Quran, nə peyğəmbərimizin hədisləri, nə də dinlə bir əlaqəsi var. Mənəvi və əxlaqi cəhətdən bir sıra tarixlərdə insanlar toy-büsat qurmaqdan imtina ediblər. Eynilə, bizim üçün həssas tarixlər olan Xocalı və 20 yanvar tarixləri kimi. Bu bir dəyərdir". 

İlahiyyatçı qeyd edib ki, xüsusi bir nüansa diqqət yetirməklə bu ay toy edərkən hətta savab da qazanmaq olar: 

"Məsələ Ramazan ilə bağlıdırsa, bu bir dua, rəhmət, sevgi ayıdır. Ona görə də, bu dövrdə sevənlərin qovuşmasında hər hansı problem, sıxıntı yoxdur. Əgər biz toylarımızı iftar zamanına salsaq, həm gözəl bir iş görüb ehsan vermiş olarıq, həm də Allahın əmrini yerinə yetirərik. Amma bu ayın içərisində insanlar oruc tutan zaman Allahın əmrinin açıq şəkildə pozulmasına üsyan edilə bilər ki, bu da böyük bir günah olar. Bu səbəbdən inanclı, etiqadlı insanlarımız çalışırlar ki, Ramazan ayında edəcəkləri toy, nişan və digər xeyir işlərində yemək ikram olunan zamanı iftar vaxtına düşsün. Digər halda, insanların günaha girməsinə vəsilə olmaq həmin işin xeyirliliyindən çıxmasına zəmin yaradar". 


Etiketlər:  Quranda Məhərrəm ayında Aşurada etməməklə bağlı qadağa yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ