Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 14:58
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət tarixində ilk dəfə olaraq Fondun baş qərargahında üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, irs sahəsində ekspertlər, eləcə də təşkilatın layihə rəhbərləri və tədqiqat üzrə mütəxəssislərinin iştirakı ilə iki günlük müşavirələr keçirilib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, müşavirələr çərçivəsində ekspert qruplarının iştirakı ilə sessiyalar keçirilib, "Türk Mədəni İrsi Konvensiyası"nın hazırlanmasına dair təkliflər irəli sürülüb, Türk dövlət başçılarının Türk Əməkdaşlıq Təşkilatı qarşısında qoyduğu vəzifələr, "TURKTIME" proqram sənədi müzakirə edilib.
Müşavirəni giriş sözü ilə açan təşkilatın rəhbəri Aktotı Raimkulova iştirakçıları salamlayaraq iclasın gündəliyi haqqında məlumat verib. O, "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində Fondun üzərinə qoyulan "Türk mədəni irsinin qorunması haqqında" Konvensiyanın icrası üzərində artıq işlərin başladıldığını vurğulayıb.
İclasın gündəliyinə Konvensiyanın hazırlanması, Fondun növbəti iki il üçün fəaliyyət planına baxılması və təşkilatın nəzdində Bərpaçılar və Türk Dünyasının Memarlıq Tarixçilərinin Məşvərət Şurasının yaradılması ilə bağlı məsələlər daxil edilib.
Sonra iştirakçılara "Türk Mədəni İrsi Konvensiyası" layihəsinin təqdimatı nümayiş etdirilib. Dövlət qurumlarının nümayəndələri, ekspert qrupları və Fondun əməkdaşları sənədin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Fondun Şurasının yaradılması və "Türk Mədəni İrsi Konvensiyası"nın hazırlanması istiqamətində də məhsuldar işlər aparılıb. Konvensiyanın təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən yaradılmış ekspert qrupu ilə mütəmadi olaraq onlayn və ikitərəfli görüşlər keçirilib, daha sonra yekun rəylər təşkilata üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinə təqdim edilib.
İclasda həmçinin təşkilata üzv ölkələrin müraciətləri və layihə rəhbərlərinin təklifləri əsasında Türk Dünyasının zəngin irsinin təbliği, qorunması və bərpası yönündə layihələri ehtiva edən Fondun iki illik Fəaliyyət Planı ətraflı nəzərdən keçirilib.
İki gün ərzində keçirilən görüşlər çıxışlar, qarşılıqlı fikir mübadiləsi və təkliflərlə müşayiət olunub.
Qeyd edək ki, razılaşdırılmış qərarların qəbulu üçün Fond tərəfindən bu cür əlaqələndirmə görüşləri bundan sonra da davam etdiriləcək.