Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 09:52
O dəhşətli günün ildönümü münasibətilə yazı hazırlamaq lazımdır deyəndə sanki ürəyimi kimsə ovcuna alıb bərk-bərk sıxdı. Nə Xocalıdanam, nə hadisənin şahidiyəm. Mənə bu qədər ağırdırsa, hadisə şahidləri nələr hiss ediblər? O günlərdə ölümün, qanın-qadanın cəngindən qarlı, buzlu yollarla qaçıb xilas olmuş 5 nəfərə zəng etsəm də, hamısı müsahibə verməkdən imtina etdilər. "Danışa bilmirik" dedilər.
O gecə atasını, qardaşını, ərini, qardaşının balasını və xanımın itirmiş Tacirə xanımı müsahibəyə razı sala bildim. Söhbət göz yaşları içində başlayıb, göz yaşları içində də bitdi.
Sonxeber.net bildirir ki, lent.az-ın qonağı Xocalı sakini Tacirə Hüseynovadır
- Tacirə xanım Xocalıda doğulub böyümüşdünüz?
- Biz əslən İrəvandanıq. Ailəmiz mənim 4 yaşım olanda ermənilərin içindən çıxıb Xocalıya köçüb. Ermənilər incidirmiş. Nə biləydilər ki, odun-alovun içinə gəlirlər. Orda böyüdüm, ailə qurdum. Yoldaşım Xocalı aeroportunda polis işləyirdi. Ermənilərlə müharibə başlayandan iki qardaşım könüllü orduya yazıldı. Tez-tez kəndə atəş açılırdı, raketlər düşürdü. Uşaqlarım körpə idi, çox qorxurdum, dilim tutulub, üzüm əyilmişdi. Atam yoldaşıma dedi, onu göndər Bərdəyə baldızı gilə. 2 ay öncə mən körpələrimi götürüb Bərdəyə gəlmişdim. Gəlmək istəmirdim zorla göndərdilər. Hadisələr baş verməzdən 3-4 gün öncə balaca qardaşım Yaşar vertolyotla Xocalıya benzin, neft, ərzaq daşıyırdı. Basabas yaranmış, camaatın bir hissəsi qaçmaq üçün doluşmuşdu, o vertolyotdan düşə bilməmişdi, Ağdama gəlmişdi, can atırdı ki, geri qayıtsın. 4 ay idi evlənmişdi, Xocalıda yoldaşı qalmışdı. Elə bil ürəyinə dammışdı, Bərdədə mənə dedi ki, Tacirə, deyəsən hamı öləcək, ikimiz qalacağıq.
- Həmin gecə kim sağ çıxdı ailənizdən?
- Anam, qardaşımın 2 uşağı və balaca gəlin. Atam, böyük qardaşım, yoldaşı, bir qızı, mənim ərim həlak oldular. Anamın danışdıqlarını danışacam sizə. Gecəyarısı Xocalıya hücum olub. Yuxudan durub hamı yarıçılpaq, yalınayaq tökülüb kənddən aşağı ki, qaçıb canlarını qurtarsınlar. Anam qardaşımın 23 günlük körpəsini belinə şəlləyib qaçırmış. Geri baxıb ki, qardaşım ailəsinin əlindən tutub gəlir, atam da bir az arxada. Sonra pərən-pərən düşüblər, yolda hamını itirib. Qardaşımın yoldaşı 4 yaşlı qızı ilə arxada qalıb. Birinci gəlini sinəsindən güllə ilə vurublar. Lalə də oturub anasının yanında. Başının üstündən güllələr uçuşur. Kənd camaatı çağırsa da, gəlməyib, deyirlər ətrafdan paltarları yığıb atırmış anasının üstünə. Bəlkə də qanını kəsmək istəyib, ya da yatmış bilib onu. Elə orda güllə dəyib. Çingiz Mustafayevin çəkdiyi göy kurtkalı uşaq meyiti bizim Lalə idi.
Böyük qardaşım 6 yaşlı qızı Həmayılla qaçırmış, arxadan 4 güllə dəyib, yıxılıb. Yanından keçənlərə deyib, Həmayılı çatdırın bizimkilərə. Uşaq atasından ayrılanda ağlayıb, o da deyib "məni qoyub gedirsən Həmayıl?". Bədbəxt qardaşım. Həmayıl bu hadisədən sonra 3-4 həftə danışmadı, yatağından qalxmadı.
Anam qucağında 23 günlük uşaq bir dəstə adamla mühasirəyə düşüb. 4 saat buz kimi suyun içində kol-kosluq bir yerdə gizləniblər. Körpə başlayıb ağlamağa. Yanındakılar deyib, uşağı boğaq. Ermənilər səsə gələcək, hamımızı qıracaqlar, anam imkan verməyib. Suyun içində bələyi açıb, altının yaş əskisini çıxarıb. Körpə susub. Atışma başlayıb, qırılan qırılıb. Qırılmayanlar da yenə başlayıb qaçmağa. Anam meyitlərin içi ilə qaçıb keçib.
- Neçə yaşı var idi ananınızın onda?
- 49. Ölən qardaşımın da 29 idi.
- Bəs yoldaşınız necə olub?
- Hücum başlayandan sonra evlərinə gedib ki, ana-atasını tapsın, görüb yoxdurlar. Meşədə rastlaşıblar. Allah onlara birlikdə ölməyi nəsib eləyib. Rəşid (həyat yoldaşı) Samir adlı bir yaralı uşağı belinə alıb ki, onu da özləri ilə götürsünlər. Arxadan BTR gülləsi ilə vurmuşdular, ikisinin meyiti bir-birinə qarışmışdı. Atamı isə bir dəstə kənd sakini ilə tutublar. Qarnından güllə dəymişdi, erməni avtomatı başına dirəyib, deyib ki, səni öldürüm? Atam da deyib onsuz da öldürmüsünüz. Avtomatla başından atıb öldürmüşdülər. Elə həmin gecə. Bərdəyə gələndən sonra Həmayılın dili tutuldu, həftələrlə danışmadı. Əslində nə danışacaqdıq ki, bir ailədən o qədər şəhid vermişdik. 2 öz yetimimi, 2 qardaşımın yetimini anamla böyütdük. Aylarla göz yaşımız dayanmadı. Mənim övladlarım göz yaşları içində böyüdülər. Biz yaşamadıq ki, biz nəfəs alan ölülər olduq o faciədən sonra.
- O hadisədə təcavüzə uğrayan xanımlar da oldu yəqin...
- Olmuşdu. Bəzilərinə toxunmamışdılar, bəzilərinə isə zülm eləmişdilər. Amma biz hamımız bunun üstündən susaraq keçdik. Ailələri ilə yaşadılar. Bu da ayrı bir dərd idi. Bu barədə susduq. Hey susduq. Onların içi özlərini yandırır...
- Xocalıya dönməyə hazırsınız?
- Xocalı alınandan bəri hamımızı bir sual düşündürür. Biz ora necə gedəcəyik?
İnanın ki hamımız eyni haldayıq. Getməyə, xatırlamağa o gecəni yenidən yaşamağa qorxuruq. Bu elə sağalmaz yaradır ki, illər keçsə də eyni şəkildə insanın içini yandırır, gedib o qanımız tökülmüş yerləri xatırlamağa çətinlik çəkirik. Qanla sulanmış Xocalıya ayaq basmaq bizim üçün asan olmayacaq.